Heydər Əliyev Mərkəzinin açilişi, ulu öndərin anadan olmasinin 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasinin 8 illiyi münasibətilə təntənəli mərasim keçirilib
10/05/2012

Mayın 10-da Bakıda Heydər Əliyev Mərkəzinin açılışı, ulu öndərin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 8 illiyi münasibətilə təntənəli mərasim keçirilib. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdilər.

Prezident İlham Əliyev mərasimdə çıxış etdi.

Heydər Əliyev Mərkəzini nadir memarlıq abidəsi adlandıran Prezident İlham Əliyev bu kompleksin yaradılması ideyasından danışdı. Dövlətimizin başçısı məşhur memar Zaha Hadidin layihəsi əsasında tikilən bu mərkəzin müasirliyi ilə diqqəti çəkdiyini və çoxfunksiyalı olduğunu bildirdi, həm memara, həm də tikintidə iştirak edən bütün insanlara təşəkkür etdi. Dəfələrlə tikintinin gedişi ilə maraqlandığını deyən Prezident İlham Əliyev vurğuladı ki, bu mərkəz Azərbaycan vətəndaşlarına yüksək səviyyədə xidmət göstərəcəkdir.

“Bakı sürətlə gözəlləşir və inkişaf edir”,- deyən Prezident İlham Əliyev bildirdi ki, müasirliklə qədimliyin vəhdət təşkil etdiyi paytaxtımızın bir çox məşhur rəmzləri vardır. İndi isə müasir Bakının yeni rəmzləri yaradılır və bu sırada Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, Alov qüllələri, “Kristal saray” və nəhayət Heydər Əliyev Mərkəzi vardır.

“Heydər Əliyev bütün dövrlərdə öz xalqına xidmət edib”, - deyən Prezident İlham Əliyev ulu öndərin ölkəmizə rəhbərlik etdiyi illərdə gördüyü işlərdən danışdı. Bildirdi ki, Heydər Əliyev ölkəyə rəhbərliyi dövründə Azərbaycanın inkişafına çalışıb. Ulu öndər hakimiyyətdən uzaqlaşdırılandan sonra Azərbaycan böyük problemlərlə üzləşdi, Dağlıq Qarabağda separatçılıq meyilləri gücləndi, Qanlı Yanvar hadisəsi, Xocalı soyqırımı baş verdi, torpaqlarımızın işğalı prosesi başladı, ölkə gərgin ictimai-siyasi təzyiqlərlə üz-üzə qaldı. 1993-cü ildə xalqın tələbi ilə ölkədə yenidən rəhbərliyə qayıdan Heydər Əliyevin siyasi iradəsi, müdrikliyi, cəsarəti və xalqın ona olan məhəbbəti sayəsində Azərbaycan üzləşdiyi fəlakətlərdən xilas oldu. Ölkə tərəqqi dövrünə qədəm qoydu, bütün sahələrdə inkişaf meyilləri gücləndi. Ona görə də Heydər Əliyev müasir, müstəqil Azərbaycanın banisi və qurucusudur.

Son illərdə Azərbaycanda həyata keçirilən siyasi-iqtisadi islahatlardan danışan Prezident İlham Əliyev ölkədə demokratikləşmə prosesinin sürətlə getdiyini diqqətə çatdırdı. İqtisadi sahədə əldə olunan mühüm nailiyyətlərdən danışan dövlətimizin başçısı bildirdi ki, bu uğurları beynəlxalq maliyyə qurumları da təsdiqləyir. Təsadüfi deyildir ki, indi Azərbaycan güclü iqtisadiyyata və güclü orduya malikdir. “Biz heç vaxt imkan vermərik ki, Azərbaycanın suverenliyinə və inkişaf haqqına kimsə müdaxilə etsin”, - deyən Prezident İlham Əliyev ölkəmizin dünyada artan nüfuzundan danışdı. Bildirdi ki, beynəlxalq təşkilatlarda prinsipiallığı ilə seçilən Azərbaycanın bu mövqeyi xalqımızın milli maraqlarına, ədalətə və beynəlxalq hüquqa əsaslanır. Dövlətimizin başçısı ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini 20 il müstəqil olan Azərbaycanın diplomatik uğuru kimi xarakterizə etdi.

Sonra Heydər Əliyev Mərkəzindən bəhs edən film nümayiş olundu. Filmdə Mərkəzin yaradılması ideyası, bu istiqamətdə həyata keçirilən tədbirlər, Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakının rəmzinə çevriləcək nadir memarlıq kompleksinin əhəmiyyətindən bəhs olunur.

Filmin nümayişindən sonra Heydər Əliyev Fondunun fəaliyyətinin 8 illiyinə həsr olunmuş mərasim keçirildi. Əvvəlcə ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.

Fondun Prezidenti Mehriban xanım Əliyeva mərasimdə çıxış etdi.

Sonra Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl çinar” beynəlxalq mükafatının 2012-ci il qalibləri elan olundu. Heydər Əliyev Fondunun təhsil sahəsindəki fəaliyyətinə göstərdiyi böyük dəstəyə görə Litva Respublikasının Azərbaycandakı səfiri Kestutis Kudzmanasa “Qızıl çinar” beynəlxalq mükafatı təqdim edildi. Səfir Kestutis Kudzmanas minnətdarlığını bildirərək dedi:

- Zati-aliləri cənab Prezident!

- Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyeva!

Əvvəlcə, mən bu fürsətdən istifadə edərək dərin minnətdarlığımı Heydər Əliyev Fonduna bildirirəm. Bilirik ki, Heydər Əliyev Fondunun tutduğu strategiya mühüm amil olaraq cəmiyyətin inkişafını təmin edir. Mən çox məmnunam ki, Litva Respublikasının səfirliyi ilə Fond arasında təhsil sahəsində bu cür məhsuldar əməkdaşlıq aparılmışdır. Qeyd etmək istəyirəm ki, mənə verilən bu mükafat Litva ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir. Bu sözlərimi bildirərək mən Heydər Əliyev Fonduna gələcək fəaliyyətində uğurlar arzulamaq istəyirəm. Azərbaycan xalqına çiçəklənmə və rifah arzulayıram.

Hörmətli cənab Prezident, hörmətli xanım Mehriban Əliyeva, təşəkkür edirəm.

Beynəlxalq idman yarışlarında ölkəmizi layiqincə təmsil etdiyinə, dəfələrlə Azərbaycan bayrağını yüksəklərə qaldırdığına, dövlət himnini səsləndirməklə Vətənimiz, xalqımız naminə göstərdiyi əvəzsiz xidmətlərə görə ikiqat paralimpiya, üçqat dünya çempionu İlham Zəkiyev də Fondun “Qızıl çinar” beynəlxalq mükafatına layiq görüldü. Mükafatı qəbul edən İlham Zəkiyev təşəkkür edərək dedi:

- Bütün məclis iştirakçılarını salamlayıram.

Çox hörmətli möhtərəm cənab Prezident, Mehriban xanım,

mən bu mükafata görə sizə minnətdarlığımı bildirmək istərdim. Bu, mənim üçün çox gözlənilməz oldu. Bu “Qızıl çinar” təkcə İlham Zəkiyevə verilən qiymət deyildir. Bu, Azərbaycan idmançılarının qələbəsidir. Mən bütün Azərbaycan idmançıları adından minnətdarlığımı bildirirəm. Çox sağ olun.

Mərasim konsert proqramı ilə davam etdi.