Moskvada Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin dəstəyi ilə “İnterfaks” informasiya agentliyi tərəfindən nəşr edilmiş “Heydər Əliyev haqqında teleqraf mətni ilə” kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, RF Ticarət-Sənaye Palatasının (TSP) prezidenti Yevgeni Primakov, Azərbaycan Prezidentinin İcra Aparatının sektor müdiri Fuad Axundov iştirak ediblər.
Kitabda “İnterfaks” agentliyinin xəbər lentləri materialları əsasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-2003-cü illərdəki çıxışları və bəyanatları toplanıb.
RF TSP prezidenti Yevgeni Primakov giriş sözündə “təkcə Azərbaycan miqyasında deyil, həm də dünya miqyasında böyük insan, dahi siyasi xadim və şəxsiyyət olan Heydər Əliyevin irsinin öyrənilməsi üçün mühüm tarixi sənəd” adlandırdığı bu kitabın nəşrinə yardımçı olmuş Heydər Əliyev Fonduna və şəxsən onun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya təşəkkür edib.
Yevgeni Primakov dahi şəxsiyyətlə görüşləri barədə xatirələrini bölüşüb. O bildirib ki, Heydər Əliyev “çox geniş əhatəli, zəngin dünyagörüşünə malik, dərin təfəkkürlü bir insan” idi. Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin qurulması və inkişafı üçün çox böyük səy göstərməklə yanaşı, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün də mümkün olan hər şeyi edirdi. Y.Primakov əmindir ki, Azərbaycanın müstəqilliyinin ilk illərində hakimiyyət sükanı Heydər Əliyevin əlində olsaydı, o, qan tökülməsinə və münaqişənin hərbi mərhələyə çatmasına yol verməzdi: “Böyük sürətlə inkişaf etməkdə olan müasir Azərbaycanın indi malik olduğu dəyərlər Heydər Əliyevin gərgin dövləti əməyinin bəhrəsidir. Müasir Azərbaycanın həyatın bütün sahələrində qazandığı böyük uğurlar onunla bağlıdır ki, ölkənin indiki Prezidenti İlham Əliyev Heydər Əliyevin xəttini inamla davam etdirir. Respublikada görülən işlər buna sübutdur. Bütün bunlar onu göstərir ki, İlham Əliyevin siyasəti Azərbaycanı daha böyük tərəqqiyə doğru aparır”.
Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu isə vaxtilə böyük siyasətdən uzaqlaşmağa məcbur edilmiş Heydər Əliyevin Vətənin çağırışına cavab olaraq yenidən geri döndüyünü, Azərbaycan xalqını, Azərbaycan dövlətçiliyini xilas etdiyini xatırladıb. P.Bülbüloğlu bildirib ki, Heydər Əliyev özünün çox böyük nüfuzu və intellekti sayəsində 1990-cı illərin əvvəllərində respublikada başlanmaqda olan vətəndaş müharibəsini və Ermənistan-Azərbaycan münaqişə zonasında hərbi əməliyyatları dayandırmağa müvəffəq olub: “O, suveren Azərbaycanın lideri ola bildi, bu, hər kəsin işi deyil”.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva ondan ötrü doğma olan bu insan haqqında səmimi sözlərə görə tədbirin iştirakçılarına və təşkilatçılarına təşəkkür edib, “İnterfaks” agentliyinin baş direktoru Mixail Komissara xüsusi minnətdarlığını bildirib. Leyla Əliyeva deyib ki, o, görkəmli dövlət xadimi və siyasi xadim Heydər Əliyev haqqında hələ çox kitabların yazılacağına əmindir: “Çünki onun həyat və fəaliyyəti tarixçilər və politoloqlar üçün təkcə nümunə deyil, həm də öyrənilməli mövzudur. “Heydər Əliyev haqqında teleqraf mətni ilə” kitabının xüsusi dəyəri və maraqlı olması onunla bağlıdır ki, bu kitabda məşhur siyasətçinin və görkəmli insanın ən dramatik dövrlərindən biri -1990-cı il yanvarın 20-də Bakıda törədilmiş qanlı hadisələrlə əlaqədar dövrü təsvir edilir. O vaxt Heydər Əliyev öz xalqı ilə həmrəy olaraq, “İnterfaks” agentliyinə gəlmiş və tarixi bəyanatla çıxış etmişdir. Agentliyə təzyiq göstərilməsinə baxmayaraq, həmin bəyanat yayılmışdır. O dövr üçün bu, cəsarətli addım idi, xüsusən ona görə ki, sovet rəhbərliyi bu agentliyi bağlamağa və söz azadlığını boğmağa çalışırdı. Jurnalistlər riskə gedərək, bəyanatın tam mətnini dərc etmişlər. Heydər Əliyev “İnterfaks” jurnalistlərinin cəsarətini və prinsipiallığını çox yüksək qiymətləndirmişdi”.
“İnterfaks” agentliyi baş direktorunun birinci müavini Vyaçeslav Terexov Heydər Əliyevlə görüşlərindən, onunla ünsiyyətindən aldığı təəssüratları bölüşüb, bu görkəmli siyasətçinin və dövlət xadiminin şəxsiyyətinin nadirliyini vurğulayıb.
Azərbaycan Prezidentinin İcra Aparatının sektor müdiri Fuad Axundov isə Heydər Əliyevin Azərbaycan-Rusiya münasibətlərinə xüsusi əhəmiyyət verdiyini xatırladıb: “Ölkələrimiz arasında münasibətlərin müərəkkəbləşdiyi dövrdə müdrik siyasi xadimin uzaqgörənliyi bu münasibətləri yeganə düzgün yola – dostluq, qardaşlıq və mehriban qonşuluq yoluna çıxarmağa imkan verdi və bunun nəticələri indi görünür və hiss edilir”.
Leyla Əliyeva jurnalistlərin suallarına cavab verərkən Heydər Əliyev haqqında kitab yazmaq niyyətində olduğunu bildirib. Bu kitabda o, öz təkcə böyük siyasətçi deyil, həm də insanları sevən, onlara qarşı diqqət və qayğı göstərən dahi babası haqqında, onun ailə üzvləri üçün dayaq olmağı bacarması haqqında söhbət açmağa çalışacaq.
“Görkəmli adamların həyatı” seriyasında nəşr edilmiş “Heydər Əliyev” kitabının həmmüəllifi Viktor Andrianov Leyla Əliyevaya və onun şəxsində Heydər Əliyev Fonduna həmin seriyadan olan “İlham Əliyev” kitabının siqnal nüsxəsini bağışlayıb. Bu kitab Hüseynbala Mirələmovla birlikdə yazılıb. Ümumrusiya Azərbaycan Konqresi adından Leyla Əliyevaya Heydər Əliyevin rəssam Əsgər Məmmədov tərəfindən çəkilmiş portreti təqdim edilib.