Noyabrın 5-də Heydər Əliyev Mərkəzinin binasının arxitektura təqdimatı olub.
Mərasimdə Azərbaycanın rəsmi şəxsləri, müxtəlif ölkələrdən nümayəndələr, tanınmış arxitektorlar və müasir memarlığın şah əsərlərindən olan Heydər Əliyev Mərkəzinin memarı, dünya şöhrətli Zaha Hadid iştirak ediblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva bu münasibətlə təşkil edilən konsertdə olublar.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Azərbaycanın özünəməxsus memarlığı ilə daim fərqləndiyini bildirib: “Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün ölkəmizin yeni siması formalaşdırılır, paytaxt Bakını daha da gözəlləşdirən müasir memarlıq nümunələri yaradılır. Son illərdə Bakıda tikilən, ideya və arxitektura baxımından diqqəti cəlb edən nadir memarlıq nümunələrindən biri də Heydər Əliyev Mərkəzinin binasıdır”.
Anar Ələkbərov bildirib ki, Zaha Hadidin müəllifi olduğu hər bir abidə kimi, Heydər Əliyev Mərkəzinin binası da arxitektura incəlikləri, dizaynı, xarici və daxili görünüşünün bir-birini tamamlaması, ümumiyyətlə, öz aurası ilə hamını heyran edir. O, öz nadirliyi ilə seçilən bu binanın layihəsini məhz Bakıda həyata keçirdiyinə görə Zaha Hadidə təşəkkür edib.
Sonra Heydər Əliyev Mərkəzinin memarı, arxitektura sahəsində nüfuzlu “Pritzker” mükafatının sahibi Zaha Hadid çıxış edib. O, Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya dəvətə görə təşəkkürünü bildirib.
“Bu binanın inşası bizim üçün gözəl təcrübə olub”, - deyə Zaha Hadid qeyd edib.
Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri, Əməkdar Memar Elbəy Qasımzadə ötən əsrin əvvəlində olduğu kimi, bu gün də Azərbaycanda milli və Avropa memarlığının şah əsərlərinin yaradıldığını deyib. O, Zaha Hadidin Azərbaycan Memarlar İttifaqının fəxri üzvü seçildiyini elan edərək “Akademik Mikayıl Hüseynov medalı”nı Zaha Hadidə təqdim edib.
Tədbir çərçivəsində Leyla Əliyeva və Arzu Əliyeva Zaha Hadid ilə görüşüblər.
Görüşdə Mərkəzin inşasının Azərbaycan dövlətinin və xalqının həyatında əlamətdar hadisə olduğu vurğulanıb.
Zaha Hadidə üzərində Heydər Əliyev Mərkəzinin binasının təsvir olunduğu xalça hədiyyə edilib.
Sonra təqdimat mərasiminə həsr edilmiş konsert olub. Konsertdə Azərbaycanın incəsənət ustaları çıxış ediblər.
Konsertdən sonra mərasim iştirakçılarının şərəfinə ziyafət verilib.