Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Dekabrın 10-da Heydər Əliyev Mərkəzində Azərbaycanda ilk dəfə məktəblilər arasında keçirilən “Eko Rəsm Gündəliyi-2013” (“Eco Picture Diary-2013”) Beynəlxalq müsabiqəsinin milli mərhələsinin qalib və finalçılarının mükafatlandırılması mərasimi keçirilib.
Müsabiqə əsası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən qoyulmuş IDEA (International Dialogue for Environmental Action) İctimai Birliyinin təşəbbüsü, UNESCO-nun himayəsi, Heydər Əliyev Mərkəzinin və “Panasonic Marketing MDB”nin (PMCIS) dəstəyi ilə təşkil olunub.
Tədbirdə IDEA-nın layihə direktoru Anara İsmayılova və Heydər Əliyev Mərkəzinin humanitar və sosial layihələr departamentinin direktoru, professor Vüqar Məmmədov müsabiqənin əhəmiyyətindən danışıblar.
2008-ci ildən etibarən hər il həyata keçirilən və 50-dən çox ölkəni əhatə edən müsabiqənin məqsədi gənc nəsildə təbiətə sevgi hissinin formalaşdırılması və inkişafı, onlar arasında ekoloji təbliğat işinin gücləndirilməsi və məktəblilərin ətraf mühitin qorunması işinə səfərbər edilməsidir.
Ümumilikdə, müsabiqəyə Bakı şəhəri üzrə 314 məktəbdən 2403, Gəncə şəhəri üzrə isə 49 məktəbdən 629 gündəlik daxil olmuşdu. Layihə üçün xüsusi olaraq hazırlanmış, şagird sayına uyğun olaraq orta ümumtəhsil məktəblərinə paylanılmış 5000 ekoloji gündəlikdən 3032-si tam şəkildə doldurularaq təhvil verilmişdi. Bu beynəlxalq müsabiqədə iştirak edən 51 ölkə arasında ən yüksək göstərici hesab oluna bilər. Müsabiqədə aşağı yaş qrupu (6-11) üzrə 1299, yuxarı (12-15) yaş qrupu üzrə isə 1733 şagird iştirak edib.
Layihənin milli turunun iştirakçıları olmuş məktəblilər müəyyən edilmiş müddət ərzində yarış üçün hazırlanmış xüsusi “Gündəlik”lərdə mövcud qlobal ekoloji problemləri və ətraf mühitin qorunmasının vacibliyini əks etdirən rəsmlər çəkib, ideyalarının qısa təsvirini əks etdirən mətnlər əlavə ediblər.
Beynəlxalq layihənin milli müsabiqə turunun final mərhələsinin qalibi Bakı Avropa liseyinin şagirdi, 11 yaşlı Fuad Soltanov olub.
Tədbirdə nümayiş etdirilmiş, IDEA tərəfindən hazırlanmış videoçarxda müsabiqənin qalibləri haqqında dolğun məlumatlar öz əksini tapıb.
Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi və PMCIS-in direktoru Koji Taracima müsabiqənin əhəmiyyətindən söz açıb, məktəblilərin ekoloji problemlərin həllinə yeni yanaşmalarını müsbət dəyərləndiriblər.
Sonra münsiflər heyətinin qərarı ilə milli qalib seçilmiş Fuad Soltanova, eləcə də 19 finalçıya sertifikat və qiymətli hədiyyələr təqdim olunub.
Müsabiqənin finalçıları arasında Bakı şəhərindən Zərifə Əliyeva adına lisey, “Ankara məktəbi” məktəb-liseyi, İncəsənət Gimnaziyası, 59, 99, 262, 271, 276, 290, 28, 98, 132-134, 301, 304 nömrəli, Gəncə şəhərindən isə 4, 28, 11, 25 nömrəli orta ümumtəhsil məktəblərinin şagirdləri var.
Sonda müsabiqənin milli mərhələsinin qalib və finalçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar.