Dekabrın 20-də Rusiyanın Həştərxan şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə yeni uşaq bağçasının təməlqoyma mərasimi keçirilib.
Şəhərin Bakinskaya küçəsində, Heydər Əliyev adına məktəblə üzbəüz yerləşəcək yeni uşaq bağçası Heydər Əliyev Fondunun dəstəyi ilə tikiləcəkdir.
Təməlqoyma mərasimindən sonra Leyla Əliyeva Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Həştərxan bölməsinin nümayəndələri ilə görüşüb.
Sonra Heydər Əliyev adına məktəbdə müəllimlər və şagirdlərlə görüş oldu. Məktəbin direktoru Tatyana Tixomirova Heydər Əliyev Fondu tərəfindən bu məktəbə göstərilən diqqətə görə təşəkkürünü bildirdi.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qeyd etdi ki, son illərdə Heydər Əliyev Fondu Həştərxanda bir sıra iri layihələr həyata keçirib. O vurğuladı ki, Fond təhsilin inkişafına xüsusi diqqət yetirir. Fond bir sıra ölkələrdə, o cümlədən Rusiyada bir neçə təhsil layihələri reallaşdırıb. Leyla Əliyeva Azərbaycan - Rusiya əlaqələrinin möhkəmlənməsində gənclərin də böyük rol oynadığını qeyd etdi.
Sonra ilin ən yaxşı müəllimləri və şagirdləri təltif edildi. Məktəbə Heydər Əliyev Fondu adından hədiyyələr təqdim olundu.