Rusiyanın Volqoqrad şəhərində “Volqoqrad-Bakı Dostluq Parkı” açılıb
20/12/2013

Dekabrın 20-də Rusiyanın Volqoqrad şəhərində Azərbaycan-Rusiya dostluğunun rəmzi olan yeni park açılıb.

Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Volqoqrad vilayəti hökumətinin sədri Sergey Bajenov, Volqoqrad şəhərinin başçısı İrina Quseva və digər rəsmi şəxslər iştirak ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində çıxış edərək səmimi qəbula görə təşəkkürünü bildirdi. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin həyata keçirdiyi layihələrdən danışan Leyla Əliyeva vurğuladı ki, son bir neçə il ərzində Rusiyanın Ulyanovsk şəhərində məktəb binası tikilmiş, M. İ. Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycan Mədəniyyət Mərkəzi açılmış, Leninqrad vilayətindəki “Nevskiy pitoçok” Beynəlmiləl xatirə xiyabanında 1941-1944-cü illərdə Leninqrad uğrunda döyüşlərdə həlak olmuş azərbaycanlı əsgərlərin xatirəsinə abidə ucaldılmışdır. Leyla Əliyeva Həştərxanda Fondun dəstəyi ilə park, məktəb binası, uşaq meydançasının tikildiyini, yeni uşaq bağçasının təməlinin qoyulduğunu xatırlatdı.

Azərbaycanda böyük rus mədəniyyətinə, ədəbiyyatına və tarixinə hörmətlə yanaşıldığını qeyd edən Leyla Əliyeva respublikamızın məktəblərində rus dilinin tədrisinin tam həcmdə saxlanıldığını, Rus Dram Teatrı, Rus Mədəniyyəti Mərkəzi, Bakı Slavyan Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialının fəaliyyət göstərdiyini dedi. Leyla Əliyeva əmin olduğunu bildirdi ki, dostluq, etimad və qarşılıqlı anlaşmaya əsaslanan Azərbaycan-Rusiya münasibətləri bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Volqoqrad vilayəti hökuməti sədrinin birinci müavini Roland Xerianov çıxışında bildirdi ki, Azərbaycan inşaatçıları qısa müddətdə gözəl park salmışlar. Volqoqradlılar buna görə Heydər Əliyev Fonduna minnətdardırlar. O, bu parkın Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəyini vurğuladı. O, Volqoqradda Bakı küçəsinin olduğunu, Böyük Vətən müharibəsi illərində azərbaycanlı əsgərlərin Stalinqrad döyüşlərində qəhrəmancasına vuruşduqlarını da xatırlatdı.

Volqoqrad şəhərinin başçısı İrina Quseva qeyd etdi ki, vilayətin hökuməti Bakıda Stalinqrad döyüşü qəhrəmanlarının şərəfinə abidə ucaltmaq niyyətindədir.

Rusiya Prezidenti İdarəsinin regionlararası və mədəni əlaqələr departamentinin müşaviri Valeri Maksimov qeyd etdi ki, Volqoqrad mərkəzi mədəniyyət və istirahət parkının ərazisi qısa müddətdə göz oxşayan mənzərəli, abad əraziyə çevrilmişdir. Burada şəhər sakinlərinin və qonaqların istirahəti üçün rahat infrastruktur yaradılmışdır.

Yeddi hektardan çox ərazidə salınmış parkda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin barelyefi, uşaq meydançası, yaşıl zona, “Buta” və “Çay” fəvvarələri, “Qız Qalası” abidəsi, “Bakı” kafesi, Nobel qardaşlarının fotostendi vardır. XIX əsrin sonlarında bu parkın yerində Nobel şəhərciyi olmuşdur. Böyük Vətən müharibəsi illərində isə Bakıdan Volqa çayı ilə gətirilən neft buradakı anbarlarda saxlanılırdı. Həmin Bakı neftindən hazırlanan yanacaq döyüş təyyarələrini və tanklarını hərəkətə gətirirdi.

Xatırladaq ki, parkın təməli 2013-cü il iyunun 5-də Volqoqradda “Rusiya-Azərbaycan: regionlararası dialoq – 2013” IV Beynəlxalq Forumun ilk günündə keçirilən təntənəli mərasimdə qoyulub.

Parkın açılış mərasimindən sonra Leyla Əliyevanın rəhbərliyi ilə nümayəndə heyəti Volqoqrad hökumətimin binasında qubernator Sergey Bajenov ilə görüşdü.

Görüşdə Leyla Əliyeva vurğuladı ki, Azərbaycan ilə Volqoqrad arasında əlaqələr inkişaf etdiriləcək, yeni layihələr reallaşdırılacaqdır. Leyla Əliyeva Rusiya Azərbaycanlı Gənclər Birliyinin bu regionda yeni bölməsinin açılacağını diqqətə çatdırdı.

İkitərəfli görüşün nəticəsi olaraq Volqoqrad vilayəti ilə Azərbaycan arasında ticarət-iqtisadi, elmi-texniki, mədəni sahələrdə əməkdaşlıq haqqında saziş protokolu imzalandı.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Heydər Əliyev Fondunun dəstəyi ilə Volqoqraddakı 3 nömrəli gimnaziyanın həyətində inşa olunmuş idman meydançasının açılış mərasimində iştirak etdi.