Moskvada, M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında yazıçı-publisist, Azərbaycan Milli Məclisinin deputatı Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və zaman” roman-tədqiqatının V və VI cildlərinin təqdimat mərasimi keçirilib.
Çoxcildlik arxiv materialları və rəsmi sənədlər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dostları, qohumları və məsləkdaşları ilə müəllifin yüzlərlə müsahibəsi əsasında yazılıb.
Təqdimat mərasimi Azərbaycanın Rusiyadakı səfirliyi, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi və Ümumrusiya Azərbaycanlılar Konqresi tərəfindən təşkil edilib.
Kitabxananın foyesində Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi tərəfindən ümummilli liderə həsr edilmiş fotosərgi təşkil olunub.
Çoxcildliyin müəllifi Elmira Axundova tədbiri Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Fondunun bu ilin mayında Heydər Əliyev haqqında ən yaxşı publisistik əsər üçün beynəlxalq müsabiqə təşkil etdiyini xatırladıb.
Gecədə həmin beynəlxalq müsabiqənin qaliblərinə - “Heydər Əliyev. İnsan-epoxa” məqaləsinin müəllifi Oleq Kuznetsova, “Öz ölkəsini xilas etmiş insan” məqaləsinin müəllifi Valeri Calaqoniyaya və “Qorxu bilməyən insan” məqaləsinin müəllifi Aleksandr Budberqə Heydər Əliyev haqqında ən yaxşı publisistik əsərə görə mükafatlar təqdim edilib.
Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, fəlsəfə elmləri doktoru, professor Konstantin Dolqov, Milli Məclisin deputatı Arif Rəhimzadə, Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin professoru, 1990-cı illərin əvvəllərində Rusiyanın Azərbaycandakı səfirliyində işləmiş Stanislav Çernyavski, jurnalist Valeri Calaqoniya çıxış ediblər.
Tədbirdə Milli Məclisin deputatları, Azərbaycanın Rusiyadakı Səfirliyinin, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin, Ümumrusiya Azərbaycanlılar Konqresinin, Rusiya Azərbaycanlı Gənclər Birliyinin və Rusiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.