Moskvada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Ürəyimin bir parçası Rusiyadadır” devizi altında mətbuat nümayəndələri üçün qəbul olub
19/12/2013

RF Federal Məclisinin orqanı olan “Parlamentskaya qazeta”nın mətbuat mərkəzində Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) ilə birlikdə, Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Ürəyimin bir parçası Rusiyadadır” devizi altında mətbuat nümayəndələri üçün qəbul olub.

Tədbirdə Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov, Federasiya Şurasının Sosial Siyasət Komitəsi sədrinin müavini Lyudmila Kozlova, Moskva şəhərinin Milli Siyasət İdarəsi rəisinin müavini Sergey Viçkelev, tanınmış teleaparıcı Marina Kim, RAGB-ın əlaqələndiricisi Natiq Əliyev, Ümumrusiya Azərbaycanlılar Konqresinin Moskva vilayəti üzrə nümayəndəliyinin rəhbəri Araz Mürsəliyev və başqa şəxslər iştirak ediblər.

Tədbirin moderatoru “Parlamentskaya qazeta”nın baş redaktoru Aleksandr Korennikov olub.

Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov qəbulun təşkilatçılarına və iştirakçılarına səfir Polad Bülbüloğlunun adından minnətdarlığını bildirdi, Rusiya-Azərbaycan münasibətlərinin formalaşmasında və möhkəmlənməsində Ulu Öndərin rolundan danışdı.

Sonra Dövlət Dumasının Millətlərin İşləri üzrə Komitəsi sədrinin birinci müavini Mixail Starşinovun müraciəti oxundu.

Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyəti barədə sənədli xronika kadrları nümayiş etdirilib, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin hazırladığı fotosərgi təqdim olunub.

Sonda tədbir iştirakçıları tanınmış skripkaçı Anar Yusifovun ifasında ümummilli lider Heydər Əliyevin sevimli əsərlərini dinləyiblər.