Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir təşkil edib.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, RAGB-ın sədri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunmuş bayram şənliyi təkcə Moskvada deyil, Rusiyanın müxtəlif regionlarında təhsil alan azərbaycanlı gəncləri bir araya gətirib. RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev iştirakçılara Leyla Əliyevanın salamlarını və təbriklərini iştirakçılara çatdırıb. O, RAGB üzvü olan gənclərin Azərbaycanın və Rusiyanın həyatının bütün sahələrində fəal iştirak etdiklərini vurğulayıb.
Daha sonra çıxış edən Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova gəncləri təbrik edib.
Bayram gecəsi müxtəlif viktorinalar və rəqslərlə davam etdirilib.
Tədbirdə Rusiya dövlət qurumlarının, Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları iştirak ediblər.