Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Parisdə Heydər Əliyev Fondunun və “Baku” jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” mövzusunda sərginin açılışı olub. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva, o cümlədən Fransanın mədəniyyət və kommunikasiyalar naziri Fredirik Mitteran mərasimdə iştirak ediblər.
“Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi Londondan sonra bu dəfə Parisdə açılıb. Sərgiyə olan marağı Fransa paytaxtının mərkəzi küçələrində vurulan reklam lövhələrindən də görmək olurdu.
Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında xüsusi əhəmiyyəti olan sərgi Parisin məşhur Salomon de Rotşild malikanəsində açıldı. Bu da Mehriban Əliyevanın və Leyla Əliyevanın fəaliyyətlərində mədəniyyətimizin təbliğinin prioritet istiqamət olduğunu bir daha təsdiqləyir.
Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən bu sərgini Şərq ilə Qərb mədəniyyətlərinin qovuşmasından ilhamlanan müasir Azərbaycan incəsənətinin uğurlu təqdimatı kimi də qiymətləndirmək olar.
Heydər Əliyev Fondunun vitse-prezidenti mərasimdə çıxış edərək bildirdi ki, sərgidə nümayiş olunan əsərlərdəki dinamizm və yaradıcılıq ruhu bu gün Azərbaycanda baş verənlərin böyük bir hissəsini əks etdirir. “Mənim ölkəm misli görünməmiş inkişaf dövrü yaşayır və bu, özünü müasir incəsənət sahəsində daha da qabarıq göstərir”, - deyən Leyla Əliyeva Azərbaycanın qədim tarixindən, eləcə də indi Parisdə də satışda olan “Baku” jurnalından danışdı, bu nəşrdə gənc rəssamlara da yer ayrıldığını vurğuladı: “Burada Azərbaycandan 21 rəssam iştirak edir. Onlardan bəziləri gəncdir, bu işə yeni başlayıblar, bəziləri isə bu sənətlə çoxdan məşğul olurlar və tanınmış rəssamlardır. Bizim burada 100-dən çox əsərimiz - videolar, instalyasiyalar, rəsm əsərləri, performanslar və fotoşəkillər nümayiş olunur. Burada maraqlı cəhət ondan ibarətdir ki, bu əsərlərin əksəriyyəti məhz “Bakıya uçuş” sərgisi üçün yaradılmışdır və ilk dəfədir ki, nümayiş olunur. Biz bu sərgini bütün Avropada nümayiş etdirməyi planlaşdırırıq, Nyu-Yorkda da təşkil edəcəyimizə ümid vardır və sərgiyə Bakıda yekun vuracağıq”.
Mayda Bakının “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edəcəyini xatırladan Leyla Əliyeva mərasimdə iştirak edənləri şəhərimizə və onun gözəlliklərini görməyə dəvət etdi.
Sərginin kuratoru Erve Mikaeloff isə vurğuladı ki, bu sərgi zənginliyi ilə diqqət çəkir və burada təqdim edilən əsərlər orijinallığı ilə seçilir. “Azərbaycan incəsənətinin dərin tarixi kökləri vardır”, - deyən Erve Mikaeloff bu cür tədbirlərin ölkəmizin dünyada daha yaxşı tanıdılmasına kömək etdiyini bildirdi. O, bu sərginin keçirilməsində böyük əməyi olan Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirdi.
Sonra Mehriban Əliyeva və Leyla Əliyeva, Fransanın mədəniyyət və kommunikasiyalar naziri Frederik Mitteran “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi ilə tanış oldular.
Sərginin iştirakçıları arasında Leyla Əliyevanın da adı var. Onun müəllifi olduğu illüstrasiyalardan gələcəkdə rus və ingilis dillərində işıq üzü görəcək “Biri var idi, biri yox” nağıl kitabında istifadə ediləcək. Leyla Əliyevanın müəllifi olduğu “Nar”, “Nar ağacı”, “Həyat davam edir” və digər rəsm əsərləri də orijinallığı ilə iştirakçıların qəlbinə yol tapır.
Sərgidə gənc rəssamlardan Aida Mahmudovanın əsəri də üslubu ilə iştirakçıları özünə cəlb edə bildi. Müəllif əsərində keçmiş həyatı, rastlaşdığı hadisə və hissləri indiki zamanda təqdim edir.
Bundan əlavə, sərgidə tanınmış rəssamlar Altay Sadıqzadə, Ənvər Əsgərov, Mirnadir Zeynalov, ümumilikdə 21 müəllifin təsviri incəsənət, qrafika, heykəltəraşlıq, fotoqrafiya, video-art kimi müxtəlif istiqamətlərdə işləri təqdim edilir. Əsərlərin hər biri orijinallığı, bədii üslubu ilə maraq doğurur. Bir-birindən maraqlı, fərqli avanqard ideyaların hakim kəsildiyi bu sənət əsərləri müasir Azərbaycan incəsənətinin özəlliyindən xəbər verir. Orijinal zövqün, maraqlı düşüncənin, incə ruhun təcəssüm tapdığı əsərlərin bir məkanda təqdim olunduğu bu sərgidə qeyri-ənənəvi ifadə texnologiyaları diqqət çəkir.
Sərgidə, həmçinin müxtəlif illərdə Venesiya Biennalesində Azərbaycanı təmsil edən rəssamların, eləcə də xarici ölkələrdə yaşayan gənc fırça ustalarının, beynəlxalq nüfuzlu tədbirlərdə iştirak edən sənət adamlarının əsərləri də nümayiş olunur. Buradan aydın görünür ki, Heydər Əliyev Fondunun istedadlı gəncləri üzə çıxarmaq istiqamətində reallaşdırdığı bu layihələr nəticəsində zəngin Azərbaycan mədəniyyəti ilə yanaşı, ölkəmizin istedadlı gəncləri də dünyada tanınır və qəbul edilir.
Beləliklə, Parisdə açılan sərgi Azərbaycan mədəniyyətinin və milli bənzərsizliyimizin nümayişi üçün daha bir imkan oldu. Yüzlərlə xarici vətəndaş mədəniyyətimizin zəngin və sehrli aləmini heyranlıqla seyr etdi. Aprelin 21-dək davam edəcək bu genişmiqyaslı və müxtəlif istiqamətli sərgiyə göstərilən maraq deməyə əsas verir ki, bu tədbirin uğuru Parisin mədəni həyatında geniş əks-səda doğurdu və əsl hadisəyə çevrildi. Bu cür sərgilərin gələcəkdə Moskva, Berlin, Roma, Nyu-York və Bakıda keçirilməsi nəzərdə tutulur.