Heydər Əliyev Fondunun təşəbbüsü ilə Mərdəkan qəsəbəsində yenidən qurulan Heydər cümə məscidinin açılışı olub
31/12/2013

Dekabrın 31-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan Heydər cümə məscidinin açılışı olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak edib.

Leyla Əliyeva məscidin yenidənqurmadan əvvəlki və sonrakı vəziyyətini əks etdirən stendə baxdı.

1893-cü ildən fəaliyyət göstərən bu ibadət ocağında indiyədək əsaslı təmir işləri aparılmamışdı. Yenidənqurma işlərinə ötən ilin fevralında başlanılmışdı.

Leyla Əliyeva məsciddə yaradılan şəraitlə tanış oldu.

Məsciddə eyni vaxtda 130 nəfərin ibadət etməsi üçün hər cür şərait yaradılıb. Əvvəllər bir mərtəbədən ibarət olan məscidin ikinci mərtəbəsi də inşa edilib. Burada 180 nəfərlik mərasim zalı yaradılıb, minarə tikilib. Məscid iki dəstəmazxanadan, kitabxanadan, müxtəlif yardımçı otaqlardan, mədrəsədən ibarətdir.

Məscidin axundu Leyla Əliyevaya Qurani-Kərim təqdim etdi.