Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Yanvarın 13-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) Keniyanın paytaxtı Nayrobidəki mənzil-qərargahında olub.
1972-ci ildə BMT Baş Məclisinin qətnaməsi əsasında yaradılan UNEP-in məqsədi indiki və gələcək nəsillər üçün ətraf mühiti və təbiəti qorumaq, bu istiqamətdə tədbirləri əlaqələndirməkdir. Müxtəlif ölkələrdə altı böyük regional ofisi fəaliyyət göstərən UNEP Qlobal Ekoloji Fondun həmtəsisçilərindəndir və onun himayəsi altında hər il dünyada Beynəlxalq Ətraf Mühit Günü qeyd edilir.
Leyla Əliyeva BMT baş katibinin müavini, UNEP-in icraçı direktoru Axim Ştayner ilə görüşdü.
IDEA-nın ətraf mühitin qorunması istiqamətində gördüyü işlərdən xəbərdar olduğunu və bunu yüksək qiymətləndirdiyini deyən BMT rəsmisi bildirdi ki, rəhbərlik etdiyi təşkilat Azərbaycan hökuməti, qeyri-hökumət təşkilatları və bu məsələdə maraqlı olan tərəflər ilə sıx əməkdaşlıqda maraqlıdır. Axim Ştayner UNEP-in ekoloji sahədə bir çox irimiqyaslı layihələr həyata keçirdiyini dedi, bu məsələdə müxtəlif qrup insanlar, o cümlədən gənclərlə qarşılıqlı fəaliyyəti genişləndirməyin vacibliyini vurğuladı.
Leyla Əliyeva isə Heydər Əliyev Fondunun Azərbaycanda və xaricdə reallaşdırdığı layihələrdən danışdı. Azərbaycanda dövlət tərəfindən həyata keçirilən ekoloji siyasətdən bəhs edən Leyla Əliyeva 2011-ci ildə başladılan IDEA kampaniyası çərçivəsində görülən işlər haqda da məlumat verdi. “Bu kampaniya ətraf mühitin müsbət və dayanıqlı inkişafını təmin etmək məqsədilə gənc nəsil üçün vacib olan dialoq, fəaliyyət, liderlik və məlumatlılıq prinsiplərinə əsaslanır”, - deyə Leyla Əliyeva bildirdi. O, Azərbaycan hökuməti, IDEA və UNEP-in 2012-ci ilin noyabrında Bakıda keçirdiyi “Yaşıl həftə” tədbirinin əhəmiyyətini vurğuladı və BMT baş katibinin müavinini Bakıya səfərə dəvət etdi.
Görüşdən sonra Leyla Əliyeva rəhbərlik etdiyi IDEA kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərdən, gələcək planlardan danışdı: “IDEA ətraf mühitin qorunması üzrə beynəlxalq təşəbbüsdür. Biz Qafqazın ən böyük təşkilatıyıq və gənclərlə işləyirik. İki il ərzində biz bir çox layihələrə imza atmışıq. Bunlardan biri Azərbaycanda üç milyon ağacın əkilməsi olub ki, bu da ölkəmizdə yaşayan üç milyon gənci ehtiva edir. Bizim digər beynəlxalq layihəmiz fotoqraf Reza Deqati ilə birlikdə təşkil etdiyimiz “Dünya uşaqların gözü ilə” layihəsi idi. Bu layihədə 98 ölkədən 1200 uşaq iştirak etdi.
Məlumatlılığı artırmaq üçün əlbəttə ki, ən mühüm məsələ təhsildir. Artıq bizim təşkilat universitetlərdə ətraf mühitlə bağlı təlimlər aparmaqdadır. Ölkəmizdə məktəblər üçün ətraf mühit dərslikləri üzərində çalışırıq. Fikrimcə, dünya miqyasında məlumatlılığı artırmaq vacibdir. Gənclərlə işləməyin ən maraqlı tərəfi odur ki, onları bir az həvəsləndirdikdə çox fəallaşırlar və artıq özləri başqalarını həvəsləndirməyə can atırlar. Fikrimcə, indi daha çox gənc ətraf mühit layihələrində iştirak edir”.
Leyla Əliyeva dünyada, o cümlədən Qafqazda nəsli kəsilməkdə olan heyvanların qorunması ilə bağlı bir neçə layihənin həyata keçirildiyini də bildirdi. Onun sözlərinə görə, bu sahədə Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi, Rusiyanın Ümumdünya Vəhşi Təbiət Fondu və digər təşkilatlarla birgə tədbirlərin həyata keçirilməsi planlaşdırılır.