Braziliya Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
26/02/2014

Fevralın 26-da Azərbaycanın Braziliyadakı səfirliyində Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə portuqal dilində nəşr olunmuş, ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olan “Xocalı. 22 il. 10 hekayə, bunlar gerçək ola bilərdi” (Khojaly. 22 anos, 10 histórias que poderiam ter sido verdadeiras) kitabı təqdim olunub.

Səfir Elnur Sultanov kitabın Xocalı hadisələrinin oxucuya çatdırılması baxımından həhmiyyətli olduğunu bildirib, son 5 ildə Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” Beynəlxalq kampaniyası çərçivəsində görülmüş işlərdən danışıb.

Tədbirin sonunda Azərbaycan rəssamlarının Xocalı faciəsi haqqında rəsmlərindən ibarət sərgiyə baxış keçirilib, qonaqlara Xocalı soyqırımı ilə bağlı materiallar paylanılıb.

Tədbirdə Braziliya parlamentinin üzvləri, bir neçə ölkənin səfirləri, diplomatik korpus, akademik elmi dairələr və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.