Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri aprelin 17-də Bakıda tikilən Su İdmanı Sarayında inşaat işlərinin gedişi ilə tanış olublar.
Ümumi sahəsi 66 min kvadratmetr olan Su İdmanı Sarayı Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir. Sarayda üç üzgüçülük hovuzu olacaq. Uzunluğu 50, eni 25 metr olacaq birinci hovuz yarışlar üçün nəzərdə tutulub. İkinci hovuzda isə məşqlər keçiriləcək. Hündürlükdən suyatullanma hovuzunun uzunluğu 25, eni 20 metrdir. Bundan başqa, sarayda fitnes zalları, restoran, konfrans zalı, ofislər, digər işçi və köməkçi otaqlar fəaliyyət göstərəcək.
Su İdmanı Sarayının ərazisində köməkçi bina və qurğular, 500 yerlik yerüstü avtomobil dayanacağı yaradılacaq. Sarayda keçiriləcək idman yarışlarını 6 min tamaşaçı izləyə biləcək. Burada idmançıların məşq etmələri, respublika və beynəlxalq səviyyəli yarışların təşkili üçün hər cür şərait olacaq.
Dövlət başçısına və xanımına Avropa Oyunları Parkının layihəsi əsasında aparılacaq inşaat işləri barədə də məlumat verildi.
Avropa Oyunları Parkı üç idman qurğusundan - su polosu, çimərlik voleybolu və futbolu, basketbol yarışları qurğularından ibarət olacaq. Burada iclas və konfrans zallarının, kafe və funksional otaqların inşası da nəzərdə tutulur. Parkda, həmçinin mətbuat və yayım üçün çəkiliş qurğuları sahəsi, avtomobil dayanacağı və digər xidmət sahələri yaradılacaq.
Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.