Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Mayın 9-da İçərişəhərdəki Kiçik Karvansarada “Qız qalası” Beşinci Beynəlxalq incəsənət festivalının başa çatmasına həsr olunmuş mərasim keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Festival Heydər Əliyev Fondunun təşəbbüsü və xüsusi dəstəyi, IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, Müasir İncəsənət Muzeyi və “Qız Qalası” İncəsənət Qalereyasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçirilib.
Ənənəvi olaraq ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində keçirilən festivalın əsas məqsədi dünyanın müxtəlif yerlərindən gələn rəssamlar vasitəsilə Azərbaycan mədəniyyəti və incəsənətinin tanıdılması, eləcə də Bakının rəmzi olan Qız qalasının dünyada təbliğinə töhfə verməkdir.
Festivalda 26 ölkədən 28 tanınmış rəssam iştirak edib. Onlar Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini, qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaradıblar.
Müəlliflər öz əsərlərinin ideya məzmunu haqqında Leyla Əliyevaya məlumat veriblər.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev layihənin reallaşdırılmasına göstərdiyi diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Tədbirdə “Qız qalası” Beşinci Beynəlxalq incəsənət festivalına həsr olunmuş videomaterial nümayiş etdirilib.