Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşəbbüsü ilə Nərimanov rayonu ərazisində ağacəkmə aksiyası keçirilib
27/06/2014

Heydər Əliyev Fondu və IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin birgə təşəbbüsü ilə Bakı şəhərinin Nərimanov rayonu ərazisində ağacəkmə aksiyası keçirilib.

Aksiya zamanı bu il iyunun 5-də T.Şıxəliyev 20 və K.Kazımzadə 7 küçələrinin kəsişməsindəki ünvanda baş vermiş yanğın nəticəsində məhv olmuş 22 eldar şamı və zeytun ağacı əvəzinə 30 ədəd şam ağacı əkilib.

Aksiyanın keçirilməsində əsas məqsəd yanğın zamanı ərazidə məhv olmuş yaşıllıq zolağının bərpası, ərazinin ekoloji tarazlığının bərpasına, ekoloji mühitin sağlamlaşdırılmasının sürətlənməsinə, buradakı mövcud torpaq qatının münbitləşdirilməsinə töhfə verilməsi, insanlar arasında ekoloji mədəniyyətin, təbiətə qayğı hissinin təbliğidir.

Ağacəkmə aksiyasında Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi ilə yanaşı, Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak ediblər.