Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Moskvada dindarlar üçün iftar süfrəsi açılıb və Azərbaycan Respublikası Günü təşkil edilib.
Gecədə Azərbaycan diasporunun nümayəndələri, müxtəlif millətlərdən olan və oruc tutan insanlar iştirak ediblər.
Rusiya Müftilər Şurası sədrinin müavini, Moskva müftisi İldar Əlautdinov müqəddəs Ramazan ayının əhəmiyyəti və oruc tutmağın savabı haqda danışıb, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinə “Ramazan çadırı” layihəsində iştirakına görə təşəkkürünü bildirib.
Tədbir iştirakçılarına “Baku Magazine TV” kanalı tərəfindən dünya şöhrətli fotoqraf Reza Deqqatinin iştirakı ilə çəkilmiş film-müsahibə nümayiş etdirilib. Filmdə R.Deqqatinin “Baku” jurnalına verdiyi müsahibəyə də yer ayrılıb. O müsahibəsində Azərbaycana səfərləri haqda, burada bütün dünya dinlərinin nümayəndələrinin sülh və həmrəylik şəraitində yaşaması barədə danışır. Filmə baxışdan sonra müqəddəs Qurandan surələr və iftar duası oxunub. İftar süfrəsi oruc tutan 700 nəfər üçün açılıb.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşı Ayan Həsənova AzərTAc-a açıqlamasında Azərbaycanın Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ardıcıl olaraq beşinci ildir ki, bu layihədə iştirak etdiyini bildirib: “Ənənəyə görə, müqəddəs Ramazan ayında bir gün Leyla xanım Əliyevanın adından dindarlar üçün iftar süfrəsi açılır. Bu gün dindarlar Azərbaycan mətbəxinin təamlarını dadıb, milli musiqiyə qulaq asıblar. “Baku” qrupunun ifasında canlı musiqi səsləndirilib. İftara gələnlər çadırın qarşısında açılmış “Azərbaycan” sərgisi ilə də tanış olublar. Sərgidə Azərbaycan fotoqraflarının işləri - Bakının gözəl mənzərələrinin, ölkəmizin görməli yerlərinin və dini abidələrinin təsvirləri, habelə Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilmiş çap məhsulları nümayiş etdirilirdi. Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Azərbaycan haqqında videoçarx xüsusi marağa səbəb olub”.
İftar süfrəsində iştirak edən müxtəlif millətlərin nümayəndələri dindarlara göstərilən diqqətə və qədim dini ənənələrə hörmətə görə Leyla Əliyevaya təşəkkürlərini bildiriblər.
Azərbaycan Respublikası Günündə Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Rusiya Müftilər Şurasının və Moskva hökumətinin nümayəndələri, həmçinin müxtəlif millətlərin və dinlərin təmsilçiləri iştirak ediblər.