Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Oktyabrın 13-də Rusiyanın ən nüfuzlu ali məktəblərindən biri - Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti) (MDBMİ) 70 illik yubileyini qeyd edib. Bununla əlaqədar, Moskvada MDBMİ məzunlarının universitetin yubileyinə həsr edilmiş II Beynəlxalq forumu keçirilib.
Tədbirdə MDBMİ-nin dünyanın 50-dən çox ölkəsindən mindən çox məzunu – məşhur dövlət xadimləri və ictimai xadimlər, tanınmış biznesmenlər, akademik dairələrin nümayəndələri iştirak ediblər. MDBMİ məzunlarının II Beynəlxalq forumunda dünyada inkişafın əsas problemləri, MDBMİ məzunlarının təmsil etdikləri ölkələrdə cəmiyyətin və iqtisadiyyatın təkamülü məsələləri müzakirə olunub.
Forumda Heydər Əliyev Fondunun vitse-prezidenti, MDBMİ Məzunlarının Azərbaycan Assosiasiyasının sədri Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, MDBMİ-nin ölkəmizdən olan məzunlarından ibarət böyük nümayəndə heyəti iştirak edib.
Forum iştirakçıları əvvəlcə məşhur rus diplomatı Aleksandr Qorçakovun abidəsinin açılışına qatılıblar.
MDBMİ məzunlarının II Beynəlxalq forumunu universitetin rektoru Anatoli Torkunov açıb. Rektor institutun yaranması tarixindən danışıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDBMİ-nin professor və müəllimlərini, tələbə və məzunlarını doğma ali məktəbin yubileyi münasibətilə təbrik edib. Nazir məzunların birinci forumunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçən il Bakıda təşkil olunduğunu xatırladıb. O, bu ali məktəbin yetirmələri arasında görkəmli dövlət xadimlərinin bütöv bir nəslinin, o cümlədən Azərbaycan Prezidenti, Moldovanın baş naziri, UNESCO-nun baş direktoru, Qazaxıstan, Qırğızıstan və Slovakiyanın xarici işlər nazirlərinin olduğunu qeyd edib: “Adları çəkilən dövlət xadimlərinin hər biri və bir sıra başqa məzunlar öz ölkələrinin milli maraqlarını əməli fəaliyyətlərində ardıcıl surətdə və əzmlə müdafiə edirlər. Başqa cür ola da bilməz. Eyni zamanda, MDBMİ məzunlarına xas olan yoldaşlıq amili yüksək qiymətləndirilməlidir... Bu məzunların öz aralarında peşəkar mövzularda ünsiyyəti, adətən xeyirxahlıq, əsl işgüzar atmosferdə cərəyan edir. Bu, normal işləməyə, müxtəlif, hətta ən mürəkkəb məsələlərin səmərəli həlli yollarını tapmağa kömək edir”.
Daha sonra çıxış edən Leyla Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına təbrikini oxuyub.
Leyla Əliyeva MDBMİ-nin yetirməsi olduğuna görə özünü xoşbəxt hiss etdiyini söyləyib: “Bu gün bizim universitetin 70 yaşı tamam olur və mən bu ali məktəbin yetirməsi olduğuma görə xoşbəxtəm. MDBMİ təkcə təhsil müəssisəsi deyil, bu, bir ailədir. Bu ailənin dəyərləri heç vaxt itirilməyəcək. Biz bu divarlar arasında yüksək intellektuala malik, parlaq təhsil almış və mənəviyyatca zəngin insanları dinləmək, onlardan öyrənmək, onlarla ünsiyyətdə olmaq, söhbət etmək imkanına malik olmuşuq. Bu ünsiyyət bizə praktiki məşğələlərdən heç də az bilik verməyib. MDBMİ bütöv bir həyat məktəbidir. Mən bütün professor-müəllim heyətinə təşəkkür edirəm ki, siz hələ uzun illər boyu yaşayacaq bu ənənələri qoruyub saxlayırsınız”.
MDBMİ-ni yubiley münasibətilə “Rusiya dəmir yolları” Açıq Səhmdar Cəmiyyətinin prezidenti V.Yakunin, Rusiyanın UNESCO yanında daimi nümayəndəsi İ.Mitrofanova, RF-nin təhsil və elm sahəsində federal nəzarət xidmətinin rəhbəri S.Kravtsov, Monqolustan Prezidenti Administrasiyasının rəhbəri P.Tsaqaan və başqaları da təbrik ediblər.
Forumun təntənəli açılışından sonra “Rusiya və müasir dünya: inkişaf trayektoriyaları” mövzusunda plenar sessiya olub. Sessiya çərçivəsində “Avropanın təhlükəsizliyi: yeni reallıqlar”, “XXI əsrin informasiya texnologiyaları”, “Müasir dünyada enerji təhlükəsizliyi”, “Cəmiyyət, mədəniyyət, din” və başqa seksiyalar keçirilib.
Forum iştirakçıları MDBMİ-nin yeni muzeyinə də baxıblar. Forum çərçivəsində “Dünya MDBMİ məzunlarının gözü ilə” adlı art sərgi də açılıb.