Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Vyanada, Londonda, Parisdə və olduğum bir çox digər şəhərlərdə, dünyanın ən gözəl mədəniyyət mərkəzlərində “Baku” jurnalını görürəm. Bu isə o deməkdir ki, Azərbaycanda mədəni diplomatiya var.
Bu sözləri Rusiyanın sənədli film rejissoru, Moskvadakı Multimedia Art Muzeyinin direktoru Olqa Sviblova “Azərbaycan. Ənənələr və müasirlik” fotosərgisinin açılışında səsləndirib.
Oktyabrın 27-də Multimedia Art Muzeyində “Baku” jurnalının dəstəyi ilə bu nəşrin köhnə dostu, fotoqraf, Azərbaycan gözəlliklərinin vurğunu Andrey Bronnikovun sərgisi açılıb.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu fotosərginin açılışında çıxış edərək, Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliğinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. Diplomat Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın baş redaktorluğu ilə çıxan “Baku” jurnalının çox populyar nəşr olduğunu qeyd edib. P.Bülbüloğlu deyib: “Şimalda böyümüş, lakin bu sərgi üzərində böyük məhəbbətlə çalışmış, Azərbaycanın ruhunu əks etdirən gözəl əsərlər yaratmış gənc rus fotoqrafına böyük uğurlar arzulamaq istəyirəm”.
Fotoqraf Andrey Bronnikov isə deyib: “Ümidvaram ki, siz bu gün mənim Azərbaycana olan heyranlığımın və məhəbbətimin tarixçəsini görəcəksininiz. Mən bir çox jurnallarla əməkdaşlıq etmişəm. “Baku” jurnalı ilə də xeyli vaxtdır əməkdaşlıq edirəm və mənim bu jurnal ilə münasibətlərimi başqalarından fərqləndirən cəhət – formatın inanılmaz qədər sərbəst olmasıdır; belə azadlıq digər nəşrlər üçün sadəcə əlçatmazdır. Mən 7 il əerzində dəfələrlə Azərbaycana səfər etmişəm, müxtəlif maraqlı yerlərdə - Lahıcda, Şəkidə, Lənkəranda, Şahdağda, Atəşgahda, Qobustanda və bu qədim diyarın inciləri sayılan digər yerlərdə olmuşam”.
Andrey Bronnikovun fotoşəkillərində Bakı, Qobustan, Şəki, Lahıc, Naxçıvan mənzərələri canlanır. Təbiət və insanlar, insan əllərinin və təbiətin yaratdığı əsərlər, qədim ənənələr və müasirlik. O, “Baku” jurnalının oxucularına bir növ öz Azərbaycanını təqdim edir. Ustadın məharəti gözəlliyi adət halını almış, adiləşmiş şeylərdə axtarmağında, sezməyindədir. Gördüklərini bölüşmək bacarığı isə fotoqrafın istedadından qaynaqlanır, və Andrey Bronnikov bütün bunları bacarır.
Noyabrın 3-dək davam edəcək “Azərbaycan. Ənənələr və müasirlik” sərgisinin açılış mərasimində Rusiyanın tanınmış siyasi və ictimai xadimləri, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və Ümumrusiya Azərbaycan Konqresinin təmsilçiləri iştirak ediblər.
Andrey Bronnikov fotoqrafiya ilə 1995-ci ildən məşğuldur. Rusiyanın Birinci kanalının müxtəlif kinolayihələri üçün çəkilişlər aparıb. O, “Qızıl Dairə. Qədim Rus dövlətinin abidələri” (2012), ”Rus albomu” (2013), “Müəllif fotoqraqfiyası salonu - 2014” sərgilərinin iştirakçısıdır. Andrey təkcə fotorəssam deyil, həm də geoloq və səyyahdır. Moskva Dövlət Universitetinin geologiya fakültəsini bitirəndən sonra çoxlu sayda ekspedisiya təşkil edib. O, minlərlə çəkiliş aparıb, onun fotoşəkilləri Rusiya, Almaniya, Fransa, İngiltərə, İtaliya, Namibiya və Avstraliyanın muzey kolleksiyalarında saxlanılır.