Leyla Əliyeva Avstraliyada ətraf mühit və biomüxtəlifliyin qorunması işləri ilə tanış olub
12/11/2014

Avstraliyada səfərdə olan Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ətraf mühitin və biomüxtəlifliyin qorunması sahəsində bir sıra görüşlər keçirib. Bu ölkənin bir sıra məşhur milli parklarını ziyarət edən Leyla Əliyeva Avstraliyanın  zəngin biomüxtəlifliyi ilə yaxından tanış olub.

Heyvanların artırılma mərkəzlərinə baş çəkən Leyla Əliyevaya yox olma təhlükəsi ilə üzləşən heyvanlar, onların bərpa olunması üçün tətbiq olunan üsullar, belə heyvanların sayının artırılması vasitələri, həmçinin bu sahədəki qabaqcıl texnologiyalar barədə məlumat verilib.

Leyla Əliyeva isə Azərbaycanda nəsli kəsilməkdə olan heyvanlar haqda, eyni zamanda bu problemin aradan qaldırılması məqsədilə IDEA İctimai Birliyi tərəfindən görülən tədbirlər barədə məlumat verib.

Azərbaycanda nəsli kəsilməkdə olan heyvanların qorunması istiqamətində bir sıra beynəlxalq təşkilatlarla  birgə iş aparıldığını bildirən Leyla Əliyeva bu heyvanların və biomüxtəlifliyin mühafizəsi sahəsində Azərbaycanla Avstraliya arasında təcrübə mübadiləsinin vacibliyini qeyd edib.