Noyabrın 28-də Parisdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin Azərbaycana həsr olunmuş fotosərgisinin və iki kitabının təqdimatı keçirilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.
Parisin “Pöti Pale” sərgi-muzey kompleksində təşkil olunan sərgiyə Fransanın tanınmış ictimai və mədəniyyət xadimləri də qatılıblar.
Tədbirin aparıcısı qonaqlara Azərbaycan, onun zəngin mədəniyyəti və tarixi haqda məlumat verib.
“Pöti Pale” sərgi-muzey kompleksinin direktoru Kristof Löğibo Reza Deqatinin fotolarına dünya miqyasında böyük marağın olduğunu bildirib.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov isə fotoqrafın yaradıcılığında Dağlıq Qarabağ münaqişəsinə də yer verdiyini vurğulayıb. Diplomat bildirib ki, Reza Deqatinin Qarabağ müharibəsi və Xocalı soyqırımının əks olunduğu fotoları faciənin miqyasını aydın şəkildə əks etdirir.
Parisin VIII rayonunun meri xanım Jann Doteser Azərbaycanın dünyada mədəniyyəti və incəsənəti ilə məşhurluq qazandığını söyləyib. Mer Fransa ilə Azərbaycan arasındakı münasibətlərin genişləndiyini, bunun mədəniyyət sahəsində özünü daha çox büruzə verdiyini vurğulayıb.
Fransadakı Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel də Fransa-Azərbaycan əlaqələrindən danışıb. O, Heydər Əliyev Fondunun Fransada Azərbaycan mədəniyyətinin təbliğinə xüsusi diqqət göstərdiyini qeyd edib.
Daha sonra çıxış edən Reza Deqati sərginin təşkilinə görə Heydər Əliyev Fonduna və Fondun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. Fotoqraf Azərbaycanın tolerant, gözəl və zəngin ölkə olduğunu deyib: “Həyatımın böyük hissəsi münaqişə zonalarında keçib. Münaqişələr zamanı çəkdiyim hər bir foto mənə o münaqişəni yaşadıb. Dağlıq Qarabağ münaqişəsi zamanı yaşadıqlarım da həyatımın acı mərhələsidir”. Reza Deqati Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunduğunu, problem nəticəsində azərbaycanlıların öz ata-baba yurdlarından didərgin düşdüklərini söyləyib. O, Xocalı soyqırımı haqda da danışıb: “Xocalıda gördüklərim hafizəmdə əbədi qaldı və məni vadar etdi ki, bu faciəni bütün dünyaya çatdırım. Xocalı soyqırımının qurbanları və şahidləri yaradıcılığımın əsas qəhrəmanlarıdırlar”.
Sərgi çərçivəsində Reza Deqatinin iki kitabı da təqdim olunub. Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunmuş “Odun cazibəsi” və “Günahsızların qırğını” kitablarında Reza Deqatinin bu sərgidə nümayiş olunan fotoları toplanıb.
“Odun cazibəsi” kitabında fotoqrafın 1987-ci ildən başlayaraq Azərbaycana səfərləri zamanı çəkdiyi fotolar nümayiş etdirilir. Fotolarda Azərbaycanın rayonları, ucqar kəndləri, sadə insanların həyat tərzi, adət-ənənələri və digər məqamlar əksini tapıb. Müəllif, eyni zamanda, milli rəqslər, konsert, tamaşa, sərgi və digər müxtəlif tədbirlərdən çəkdiyi fotolarla Azərbaycan mədəniyyətinin özünəməxsus mənzərəsini yaradıb.
“Günahsızların qırğını” kitabında isə fotojurnalistin 1992-ci ildə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı zamanı lentə aldığı görüntülər toplanıb. Kitabda, həmçinin Xocalı soyqırımının dünyada tanınması məqsədilə müxtəlif ölkələrdə keçirilən tədbirlərdən, qaçqın və məcburi köçkünlər üçün salınan şəhərcikdən fotolar yer alıb.