Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Dekabrın 25-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Fondun Rusiya nümayəndəliyi və Ümumrusiya Azərbaycanlılar Konqresi (ÜAK) tərəfindən Moskva şəhərinin uşaq evləri və internat məktəblərində tərbiyə alan kimsəsiz uşaqlar üçün Yeni il şənliyi təşkil edilib.
“Baku” kinoteatrındakı bayram tamaşasına Moskvanın uşaq evlərində tərbiyə alan uşaqlar, həmçinin Kərim Kərimov adına Azərbaycan etnomədəni komponentli 157 nömrəli məktəbin və gürcü etnomədəni komponentli 1331 nömrəli məktəbin şagirdləri dəvət olunublar.
Uşaqları Şaxta baba, Qar qız və Küpəgirən qarının müşayiəti ilə “Yolkanın dövrəsində”, “Sabun qovuqları şousu”, ”Akva-qrim”, “Şokolad fəvvarəsi”, “Bacarıqlı əllər dərnəyi” interaktiv proqramlarını, “Foto-teatr” attraksionunu təqdim edən peşəkar animatorlar şənləndiriblər.
ÜAK-ın icraçı direktoru İlqar Hacıyev uşaqları və onların valideynlərini Yeni il bayramı münasibətilə təbrik edib, şənliyin təşkilinə göstərilən dəstəyə və köməyə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. Sonra uşaqlar üçün “Durnabalığının buyruğu ilə” kukla tamaşası nümayiş olunub.
Sonda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və ÜAK tərəfindən uşaqlara Yeni il hədiyyələri təqdim edilib.