Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 30-da bir qrup gənc rəssam, uşaq evləri və internat məktəbləri nəzdində fəaliyyət göstərən yaradıcı qrupların üzvləri ilə görüşüb.
“Baku” kafesində keçirilən görüşdə Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən layihələrdə və müsabiqələrdə iştirak edən və qalib olan Azərbaycan Respublikası Rəssamlıq Akademiyasının tələbələri, Bakı şəhərindəki uşaq evləri və internat məktəblərinin şagirdləri iştirak ediblər.
Görüşdə gənc istedadlarla həyata keçirilmiş layihələr müzakirə olunub. Bildirilib ki, fəaliyyəti çərçivəsində yaradıcı gənclərə daim dəstək göstərən Heydər Əliyev Fondu, eləcə də IDEA tərəfindən 2015-ci ildə də bir sıra yeni layihələrin icrası nəzərdə tutulur. Bu layihələr gəncləri bir arada birləşdirməklə yanaşı, onların istedadlarının inkişafına yeni təkan verəcək.