Londonda azərbaycanlı rəssamın sərgisi açılıb
18/02/2015

“Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda keçirilən ikinci Beynəlxalq “Buta” Azərbaycan incəsənəti festivalı çərçivəsində tanınmış azərbaycanlı rəssam, milli mədəniyyətdə nonkonformizmin banilərindən sayılan Cavad Mircavadovun sərgisi açılıb.

Məşhur “Sotheby's” hərrac evində keçirilən açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

“Buta” İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev Mərkəzin həyata keçirdiyi layihələrdən danışıb, ikinci Beynəlxalq “Buta” Azərbaycan incəsənəti festivalı çərçivəsində keçiriləcək növbəti tədbirlər haqqında məlumat verib.

Sərginin kuratoru, müasir incəsənət mütəxəssisi, qalereyaçı Fərəh Piriyeva Azərbaycanın istedadlı rəssamlarının əsərlərinin dünyada böyük maraq doğurduğunu bildirib. O, Cavad Mircavadovu Azərbaycan rəssamlarının ən istedadlı nümayəndələrindən biri adlandırıb.

“Sotheby's” hərrac evinin baş direktorunun müavini Lord Poltimore isə Azərbaycan incəsənətinin dünya sənət aləmində özünəməxsus yeri olduğunu qeyd edib.

Sonra sərgiyə baxış olub.

Azərbaycan incəsənət tarixində müasir istiqamətin banisi kimi tanınan Cavad Mircavadov 1923-cü ildə Bakıda anadan olub. 1949-1954-cü illərdə Sankt-Peterburqda yaşayıb, Dövlət Ermitajında fəhlə kimi çalışıb. Onun ilk rəngkarlıq əsəri 1967-ci ilə aid edilir. Cavad Mircavadovun yaradıcılığı formaca müasirliyə, məzmunca milli incəsənətin ənənələrinə əsaslanır. Rəssam 1992-ci il iyunun 24-də Kopenhagen-Moskva qatarında vəfat edib.

Fevralın 19-dək davam edəcək sərgidə Azərbaycan Dövlət İncəsənət Muzeyindən milli Azərbaycan xalçaları da nümayiş etdirilir.