Heydər Əliyev Mərkəzində “Əli və Nino” filminin yaradıcı heyəti ilə mətbuat konfransı keçirilib

Video

Heydər Əliyev Mərkəzində “Əli və Nino” filminin yaradıcı heyəti ilə mətbuat konfransı keçirilib

Heydər Əliyev Mərkəzində “Əli və Nino” filminin yaradıcı heyəti ilə mətbuat konfransı keçirilib
22/02/2015

Fevralın 24-dən dünyada bestseller olan “Əli və Nino” romanı əsasında eyniadlı filmin çəkilişləri başlayır. Bu münasibətlə fevralın 22-də Heydər Əliyev Mərkəzində “Əli və Nino” filminin yaradıcı heyəti ilə mətbuat konfransı keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, filmin icraçı prodüseri Leyla Əliyeva mətbuat konfransında iştirak edib.

Layihə haqqında danışan Leyla Əliyeva artıq uzun səyahətin sonuna yaxınlaşdıqlarını, “Əli və Nino” filminin çəkilişlərinə hazırlıq işlərinin başa çatdığını bildirib: “Mən çox sevinirəm ki, biz bu səyahətin sonunda məhz bu layihənin həyata keçirilməsinə nail olduq. Hər birinizi Bakıda görməkdən çox məmnunam və çox sevinirəm ki, biz “Əli və Nino” kimi gözəl, epik bir məhəbbət hekayəsinin bu gün filmə çevrilməsində iştirak edirik. Mən “Əli və Nino” əsərini dəfələrlə oxumuşam və onu ilk dəfə oxuyanda hiss etdiyim həyəcan indiyədək xatirimdədir. XX əsrin əvvəlində yazılmış bu əsər Azərbaycanın o dövrdəki insanlarını, məkanlarını aydın şəkildə təsvir edir. O, bu gün – 100 il sonra da əks-səda doğuran sevgi hekayəsini canlandırır. Çox şadam ki, film məhz Bakının küçələrində, İçərişəhərdə, Opera və Balet Teatrında, Qobustanda, Xınalıq dağlarında – əsərdə təsvir olunan yerlərdə çəkiləcək. Düşünürəm ki, Azərbaycan qədim ənənələr ölkəsidir. Avropa və Asiyanın qovuşuğunda yerləşərək tolerantlıq və dialoqun nümunəsidir. Mən bu istedadlı aktyorları və çəkiliş heyətini Bakıda salamlamaqdan məmnunam. Əminəm ki, onların köməyi ilə biz bu unudulmaz hekayəni canlandıra biləcəyik. Hamıya uğurlar arzu edirəm”.

Filmin quruluşçu rejissoru Kris Tikyer Heydər Əliyev Fonduna və Fondun vitse-prezidenti Leyla Əliyevaya layihənin reallaşdırılmasına göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Onun sözlərinə görə, film üçün yaxşı ssenari, beynəlxalq səviyyədə möhtəşəm komanda, çəkiliş üçün gözəl məkanlar və güclü çəkiliş heyəti var.

Sonra jurnalistlərin sualları cavablandırılıb.

Filmin ssenari müəllifi “Academy Award®” mükafatı laureatı Kristofer Hempton əsərdə olduğu kimi filmdə də Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin əksini tapacağını vurğulayıb: “Kris mənə bu kitabı göndərməmişdən əvvəl bu əsərlə tanış deyildim. Mənim üçün çox maraqlı bir əsər oldu. Əlbəttə ki, mürəkkəb məqamları var və bu mürəkkəbliyinə görə də mən razılaşdım. Biz həmkarım Asiflə çalışdıq ki, əsərə sədaqətli qalaq. Çalışaq ki, filmi məhz orijinala uyğun çəkək. Filmdə, sözsüz ki, Azərbaycanın o dövrdə müstəqillik uğrunda mübarizəsini də əks etdirməyə çalışacağıq. Düşünürəm ki, məhz o dövrdə neft bumu və bu gün ölkənin inkişafı bu əsərin daha aktual film olması üçün şərait yaradır”.

Leyla Əliyeva isə bildirib ki, ekran əsərində bu mübarizənin Azərbaycan üçün nə qədər vacib olduğu nümayiş etdiriləcək, eyni zamanda, tamaşaçılar gözəl məhəbbət hekayəsinin şahidi olacaqlar: “Niyə məhz bu kitab? Düşünürəm ki, bu kitab əsas etibarilə Azərbaycanın müstəqilliyinin nə qədər vacib olmasını əks etdirir. İkinci səbəb də odur ki, bu, çox gözəl, epik bir məhəbbət hekayəsidir”.

Filmdə Əli obrazını Adam Bakri, Nino obrazını Maria Valverde canlandıracaq. Filmin aktyor heyətinə dünyanın məşhur kino ulduzları Mendi Petinkin və Konni Nilson da daxildir. Onlar filmdə Ninonun valideynlərini canlandıracaqlar.

Aktyor heyətində Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Assad Buab, Numan Akar və Halit Ərgənç də yer alırlar.

Filmin çəkilişi üçün quruluşçu rəssam Karlos Konti, quruluşçu operator Gökhan Tiryaki, geyim dizayneri Mişel Klepton və redaktor Aleksandr Berner daxil olmaqla dünya səviyyəsində bir komanda formalaşıb.

Filmin beynəlxalq satış məsələləri “IM Global” şirkətinə həvalə olunub.