Leyla Əliyevanın təşəbbüsü ilə bir qrup uşaq Moskvada Kremlin Kilsə meydanında olub
01/06/2013

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Beynəlxalq Uşaqları Müdafiə Günü Moskvada Kərim Kərimov adına 157 nömrəli Azərbaycan etnomədəni komponentli məktəbin şagirdləri, Xilaskar İsa Məbədinin və Müqəddəs Danilov monastırının bazar günü məktəblərinin yetirmələri Moskva Kremlinin Kilsə meydanında süvari və piyada qarovulun dəyişməsi mərasiminə dəvət olunublar.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və Rusiya Mədəniyyət Fondunun təşkilati dəstəyi ilə uşaqlar Prezident alayı hərbi qulluqçularının, habelə mərasimin uşaq qrupu üzvlərinin və “Kreml süvari məktəbi” komandası süvarilərinin iştirakı ilə süvari və piyada qarovulun dəyişməsi mərasiminə tamaşa ediblər.

Beynəlxalq Uşaqları Müdafiə Günü Fondun əməkdaşları uşaqlara Leyla Əliyevanın təbriklərini çatdırıb, hədiyyələr veriblər.

Ənənəyə görə, iyunun 1-də Beynəlxalq Uşaqları Müdafiə Günü Moskva Kremlinin Kilsə meydanında məhz Moskva məktəbliləri üçün Prezident alayının hərbi qulluqçularının iştirakı ilə süvari və piyada qarovul dəyişməsi mərasimi keçirilir. Bu il ilk dəfə olaraq bu tədbirdə “Kreml süvari məktəbi” komandasının süvariləri iştirak ediblər. Tədbirə Moskvanın 1000-dən çox məktəblisi, o cümlədən Əhalinin sosial müdafiəsi departamentinin, İctimai əlaqələr komitəsinin, Təhsil departamentinin tabeliyində olan idarələrin yetirmələri dəvət olunublar.

Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunmuş süvari və piyada qarovulun dəyişməsi mərasimi 2007-ci ildən keçirilir.