Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
İyunun 12-də Heydər Əliyev Mərkəzində dünyanın məşhur sərgilərindən olan “Qreys Kelli: Şahzadə və stil ikonası” sərgisinin açılış mərasimi keçirilib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və “Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasimini izləmək üçün Bakıya gəlmiş Monako knyazı, Qreys Kellinin oğlu, Monako Şahzadəsi II Albert mərasimdə iştirak ediblər.
Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində xarici ölkələrdən Bakıya səfərə gəlmiş tanınmış ictimai-siyasi və idman xadimləri ilə görüşüb.
Sonra sərgi ilə tanışlıq olub.
Azərbaycanda ilk dəfə keçirilən sərgi tanınmış Hollivud aktrisası və Monako şahzadəsi Qreys Kellinin həyat yoluna həsr olunub.
Bakıda tamaşaçılara ümumilikdə 200-dən artıq eksponat təqdim edilir. Bu eksponatlar sırasında həyatını avtomobil qəzasında itirmiş şahzadənin sevimli avtomobilləri də var. Onlar ilk dəfə məhz Bakıda nümayiş olunur. Sərgidə Qreys Kellinin müxtəlif filmlərdə çəkiliş zamanı, eləcə də Monako şahzadəsi olduqdan sonra mərasimlərə geyindiyi libasları, onların hazırlanması tarixçəsi, həmçinin bu geyimlərlə bağlı maraqlı faktlar izləyicilərə çatdırılır.
“Qreys Kelli: Şahzadə və stil ikonası” sərgisi ilk dəfə 2007-ci ildə Monakoda açılıb və onu 135 min tamaşaçı izləyib. Bundan sonra ekspozisiya Paris, Moskva, Roma, San-Paulo, Toronto, Bendiqo, Astana, Monreal, Doylestaun və Apeldorn şəhərlərində təqdim olunub.
Sərgi noyabrın 1-dək davam edəcək.