Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
İyunun 12-də Bakıda “Bakı-2015” birinci Avropa Oyunlarının təntənəli açılış mərasimi olub.
Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Serbiya Prezidenti Tomislav Nikoliç, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Monteneqro Prezidenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç, Monako Şahzadəsi II Albert, Lüksemburqun Böyük Hersoqu Anri, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Qazaxıstanın Baş naziri Kərim Məsimov, Rumıniyanın Baş naziri Viktor Ponta, Bolqarıstanın Baş naziri Boyko Borisov, Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi Abdullah Bin Musaad Bin Əbdüləziz, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti şeyx Əhməd əl-Fahad Əl-Sabah, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, eləcə də San-Marino, İsveçrə, Böyük Britaniya, Slovakiya, Çexiya, İran, Ukrayna, Oman, Küveyt, Qətər və digər ölkələrin yüksək səviyyəli rəsmi şəxsləri, tanınmış ictimai-siyasi xadimlər, dünya idman ictimaiyyətinin görkəmli nümayəndələri iştirak ediblər.
Mehriban Əliyeva mərasimdə çıxış edib:
- Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax.
Zati-aliləri.
Avropa Oyunlarının atletləri.
Xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Azərbaycana xoş gəlmisiniz. İlk Avropa Oyunlarına xoş gəlmisiniz.
Əziz həmvətənlər.
Birinci Avropa Oyunlarının açılışı münasibətilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.
Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir.
Müstəqillik illərində əldə etdiyimiz uğurlar və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya hərəkatının tarixində yeni səhifə yazılır.
Bu səhifəni biz yazırıq, Azərbaycan xalqı yazır.
Qoy, Tanrı Azərbaycanı hər zaman qorusun!
Əziz dostlar, bu axşam biz Avropanın idman tarixində yeni fəsilə başlayırıq.
Azərbaycan fəxr edir ki, ilk Avropa Oyunları Bakıda keçirilir.
Avropa Oyunlarının məşəli müqəddəs Atəşgah məbədində alovlandırıldı və yol boyunca hər bir azərbaycanlının qəlbini iftixar hissi ilə döyündürərək ölkəmizi dolaşdı.
Məşəl bayram, ruhlandırma və birlik mesajını daşıdı.
Məhz alovlanan ruh hamımızı bir araya gətirir.
Mən Avropa Olimpiya Komitəsinə və onun prezidenti Patrik Hikkiyə minnətdarlığımı bildirmək istəyirəm.
Bu minnətdarlıq onun həm ilk Avropa Oyunlarının keçirilməsi üçün Bakının seçilməsinə, həm də yadda qalacaq belə bir tədbirin təşkilinə verdiyi dəstək və göstərdiyi yardım ilə bağlıdır.
Mən, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxı və Olimpiya ailəsinin üzvlərini salamlamaq istəyirəm. Azərbaycanda Olimpiya hərəkatına verdikləri davamlı dəstəyə görə onlara minnətdaram.
Azərbaycan zəngin tarixə, mədəniyyətə və adət-ənənələrə malik olan ölkədir. Multikulturalizm və tolerantlıq, dostluq və qonaqpərvərlik, ahəngdarlıq və həmrəylik Azərbaycanın həyat tərzinin ayrılmaz hissəsidir.
Bu il biz Avropa Oyunlarını qəbul edirik.
2017-ci ildə biz İslam Həmrəylik Oyunlarını qəbul edəcəyik.
Bu, Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında oynadığı rolu nümayiş etdirir.
Müstəqil dövlət kimi biz gəncik. Cəmi 24 yaşımız var. Yaşımız bu axşamkı mərasimdə geriyə saymağın məhz həmin rəqəmdən başlanılması ilə üst-üstə düşür.
Son 24 il ərzində ölkəmizdə sürətli inkişaf, irəliləyiş və müasirləşmə müşahidə olunub.
Azərbaycanın iqtisadi sabitliyi və davamlı inkişafı bizə bu cür böyük idman tədbirini keçirmək imkanı yaradır.
İşə sadiqliyimiz və yorulmaz fəaliyyət sayəsində vaxtın məhdud olduğunu dəf edərək, bu Oyunları cəmi iki il yarım ərzində hazırladıq.
Mən Oyunları reallığa çevirmək üçün böyük səylə, sadiqliklə və istəklə çalışan şəxslərin hamısına təşəkkürümü bildirmək istəyirəm.
Mən, həmçinin bütün beynəlxalq tərəfdaşlarımıza, bir çox yerli və xarici könüllülərə minnətdarlığımı bildirmək istəyirəm.
Komandamız qarşılıqlı əməkdaşlığın, anlaşma və dostluğun bariz nümunəsidir. Bu axşam biz Avropanın 6 min ən yaxşı atletini ölkəmizdə salamlayırıq.
Hörmətli atletlər, bu Oyunlar sizin üçündür. Siz ilk iştirakçısınız. Siz Avropa Oyunlarının ilk çempionları olacaqsınız. Bütün Azərbaycan xalqı Sizə dəstək vermək üçün bir araya gəlib.
Bakı 17 gün ərzində sizin evinizdən uzaqda ikinci doğma eviniz olacaq. Bu axşam mən xalqımızdan, əldə etdiyimiz bütün nailiyyətlərdən fərəh və iftixar hissi duyuram. Mən bu Oyunlara qəlbən bağlandığınıza görə Sizin hamınıza təşəkkürümü bildirirəm.
Onu da bildirirəm ki, gələn illərdə Avropa Oyunlarının məşəli nə qədər uzaqlarda alovlansa da, Azərbaycanın və “Bakı–2015”-in parlaq ruhunun atəşi orada olacaq.
Avropa Oyunlarının atletləri.
Xanımlar və cənablar.
Əziz qonaqlar.
Sülhü, dostluğu və həmrəyliyi qeyd etmək üçün Bakıya, Azərbaycana xoş gəlmisiniz!
X X X
Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxış edib:
- Axşamın xeyir Bakı!
Axşamın xeyir Azərbaycan!
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev.
“Bakı-2015”-in Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyeva.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax.
Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti şeyx Əhməd əl-Fahad Əl-Sabah.
Zati-aliləri dünya liderləri.
Beynəlxalq Olimpiya Komitəsinin üzvləri.
Avropa Olimpiya ailəsinin üzvləri.
Çox hörmətli qonaqlar.
Bakıdan və bütün Azərbaycandan olan əziz dostlar.
Qarşıdan gələn 17 günü canlandıracaq 12.500 könüllü.
Sağ olun.
Çox sağ olun.
Bu, Avropa Olimpiya Komitəsinin tarixində ən fərəhləndirici məqamdır.
Bu axşam burada Bakının yeni möhtəşəm Olimpiya Stadionunda biz Avropa idmanında tarixi məqamın şahidiyik, onu yaradırıq: İlk Avropa Oyunlarının açılışındayıq.
Bu axşam biz dünyanın Qitə Oyunlarına çatışmayan beşinci halqanı əlavə edirik.
Avropanın ilk Oyunları sayəsində biz Olimpiya hərəkatının beş qitəsini bir-birinə daha sıx bağlayacağıq.
Prezident Əliyev, sağ olun, birinci xanım, Əliyeva sağ olun! Azərbaycan, sağ ol! Avropa Olimpiya ailəsini səmimi qəbul etdiyinizə görə sağ olun!
Birinci xanım Əliyeva, Sizin “Bakı-2015”-in Təşkilat Komitəsinin sədri kimi Avropa Oyunlarında oynadığınız rola sözlə qiymət vermək çox çətindir.
Bu sahədə yorulmaz fəaliyyətinizə, Avropada idmanın parlaq gələcəyinə verdiyiniz töhfəyə görə Sizə minnətdaram. Siz bir dövlət kimi qürur doğuran yoldasınız. Bu yolda Sizinlə addımlamaqdan şərəf duyduq. Beynəlxalq ictimaiyyətin üzvü, cəmiyyət və Avropanın yeni idman paytaxtı kimi məqsədlərinizin həyata keçməsində iştirak etməkdən fərəh hissi duyduq.
İdman müsbət dəyişikliklər üçün nadir qüvvədir. Prezident Baxın idmanın universal qanunu hesab etdiyi dəyişikliyi qaçılmaz edən dəyərlərin yayılmasına çalışdıq. Qlobal etika, ədalət, hörmət və dostluq dəyərlərini yaydıq.
“Bakı-2015” uzun yolun ən vacib nöqtəsidir və çılğın arzudur. O, AOK-ın alovlanan iddiasıdır. Bu, Sizin üçün, Bakı üçün, Azərbaycan xalqı üçün indiki nəslə bir dəfə nəsib olan fürsətdir və sizlər onilliklər ərzində bu məkanların, bu sərmayənin və qlobal diqqətin bəhrəsini görəcəksiniz.
İdman və Olimpiya hərəkatının gənc dövlətinizin sürətli inkişafının mərkəzində durmasına daim səy göstərən Prezident Əliyevin və birinci xanım Əliyevanın qətiyyətli mövqeyi hazırlıq işlərimizin aparıcı qüvvəsi oldu.
Bu, sizə - nazir Azad Rəhimovun rəhbərlik etdiyi “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsindəki 2000 əməkdaşa göstərilən etimaddır. Çünki onlar Oyunları cəmi 30 ay ərzində həyata keçirmək məqsədilə bu cür qətiyyət və peşəkarlıqla çalışdılar.
Səylərinizə görə çox sağ olun.
İndi isə mən şərəf hissi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi “Bakı-2015” ilk Avropa Oyunlarını açıq elan etməyə dəvət edirəm.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarını açıq elan edib.