Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
İyunun 17-də Heydər Əliyev adına İdman Sarayında birinci Avropa Oyunları çərçivəsində sərbəst güləş üzrə yarışlar keçirilib. Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmalarını izləyiblər.
Əvvəlcə Azərbaycan pəhləvanı Toğrul Əsgərov bütün rəqiblərini məğlub edərək birinci Avropa Oyunlarının çempionu olub. Olimpiya çempionu Toğrul Əsgərovun bu qələbəsi ilə birinci Avropa Oyunlarında Azərbaycanın aktivinə yazılan qızıl medalların sayı 9-a çatıb.
Sonra Azərbaycan güləşçisi, Olimpiya Oyunlarının ikiqat bürünc mükafatçısı, dünya və Avropa çempionu Xetaq Qazyumov 97 kiloqram çəki dərəcəsində qızıl medalını qazanıb. Bu qələbə ilə Azərbaycanın sahib olduğu qızıl medalların sayı 10-a çatıb.
Mükafatların təqdimetmə mərasimində Azərbaycan Prezidenti İlham Əliyev qalib idmançılara medalları təqdim edib.