İyunun 25-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Bakı Zooloji Parkında saxlanılan pələng üçün quraşdırılmış yeni qəfəsin açılışında iştirak edib.
Övladları ilə birlikdə Bakı Zooloji Parkına gələn Leyla Əliyeva burada saxlanılan heyvanların saxlanma şəraiti ilə tanış olub.
Bu qəfəs Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə pələngin yaşayış şəraitini yaxşılaşdırmaq üçün quraşdırılıb.
Leyla Əliyeva zooparkda pələngin qeyri-qənaətbəxş şəraitdə saxlanması və bununla əlaqədar tədbir görülməsi xahişi ilə bağlı Bakı sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq bu nadir heyvan növü üçün müasir tələblərə cavab verən yeni qəfəsin quraşdırılması təşəbbüsü ilə çıxış edib.
Yeni yaşayış məskəni əvvəlki qəfəsə nisbətən 5 dəfə geniş olmaqla yanaşı, daha işıqlı və rahatdır. Burada heyvanın istidən və şaxtadan qorunması üçün ayrıca tikili, həmçinin böyük hovuz, oynamaq və dincəlmək meydançası və pələngin təbii yaşayış arealını əks etdirən digər elementlər quraşdırılıb.
Zooparkdakı pələngin yaşayış şəraiti bu layihə nəticəsində əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb, onun təhlükəsizliyi və rahatlığı tam təmin edilib.
Sonra Leyla Əliyeva Bakı Zooloji Parkında digər heyvanların saxlanma şəraiti ilə tanış olub, təklif və tövsiyələrini bildirib.