Moskvada IDEA-nın dizayn müsabiqəsində qalib seçilən quş sığınacaqları quraşdırılıb
26/04/2013

IDEA (International Dialogue for Environmental Action) kampaniyasının “Quşlar üçün sığınacaq dizaynı” müsabiqəsinin qalibinin eskizinə uyğun olaraq, Moskva Dövlət Universitetinin botanika bağında quş sığınacaqları quraşdırılıb.

Şəhərlərin ekoloji balansının bərpa olunmasında əhəmiyyətli rol oynayan quş sığınacaqlarının quraşdırılması hər il qeyd olunan Beynəlxalq Köçəri Quşlar Gününə həsr edilib.

Qeyd edək ki, analoji aksiya bir müddət əvvəl Qırğızıstanın paytaxtı Bişkek şəhərində də keçirilmişdi.

Müasir dünyada baş verən antropogen proseslər nəticəsində planetimizdə yaranan qlobal ekoloji problemlərin sürətlə artması ekosistemlərin deqradasiyaya uğramasına, bitki və heyvanat növlərinin məhv olmasına səbəb olmaqdadır.

Bioloji müxtəlifliyin belə sürətlə azalması təbiətin bütün komponentləri kimi quş növlərindən də yan keçmir.

IDEA Beynəlxalq Ətraf Mühit Kampaniyası köçəri quşların mühafizəsində ictimaiyyətin rolunu artırmaq və insanların təbiətə xüsusi qayğıkeş münasibətini formalaşdırmaq məqsədi ilə 2012-ci ilin may ayında Beynəlxalq Köçəri Quşlar Günü münasibətilə “Quşlar üçün sığınacaq dizaynı” adı altında müsabiqə elan etmişdi. Müsabiqəyə 100-dən artıq iş təqdim edilib.