Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Sentyabrın 3-də Parisdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin “Azərbaycan tolerantlıq ölkəsi” adlı fotosərgisi açılıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak ediblər.
Mərasimdə çıxış edən Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare Reza Deqatinin fotolarının həmişə sənətsevərləri təəccübləndirdiyini bildirib. O, qeyd edib ki, bu sərgi olduqca mühüm mövzuya – tolerantlıq mövzusuna həsr edilib. Jan Fransua Löqare sərginin təşkilinə verdiyi dəstəyə görə Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bu tədbirin ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsinə xidmət etdiyini vurğuladı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın hər zaman mədəniyyətlə bağlı tədbirlərə öz dəstəyini verdiyini söylədi. Reza Deqatinin budəfəki fotolarının Azərbaycanda tolerantlıq mühitini aydın şəkildə əks etdirdiyini deyən Elçin Əmirbəyov bildirdi ki, Azərbaycan sivilizasiyaların qovuşduğu məkanda yerləşir və bu sərgi ölkəmizdəki dinlərarası münasibətləri mükəmməl şəkildə göstərə bilir.
Dünya şöhrətli fotoqraf Reza Deqati tədbirə gəldiyinə görə Mehriban Əliyevaya minnətdarlığını bildirib. O, qeyd edib ki, hazırki mürəkkəb dünyada müxtəlif dinlərin və xalqların mehriban şəraitdə yaşadığı bir məkan var – bu, Azərbaycandır.
Tədbirin təşkilatçısı xanım Karla Areqoni sərginin yüksək səviyyədə keçirilməsi üçün verdikləri dəstəyə görə Azərbaycanın birinci xanımına və əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Mehriban Əliyeva mərasimdə çıxış edib. O, Reza Deqatinin Azərbaycana həsr olunmuş kitablarından danışıb, bu kitabların ölkəmizin tanıdılması baxımından əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, sərginin açılış mərasimində Fransanın tanınmış ictimai və mədəniyyət xadimləri, nüfuzlu media orqanlarının nümayəndələri, Paris sənətsevərləri iştirak ediblər.
Sərgidə məşhur fotoqraf Reza Deqatinin müxtəlif illərdə çəkdiyi fotolar nümayiş etdirilir. Bu fotolar izləyiciləri Azərbaycanda yaşayan müxtəlif millətlər və dinlərə mənsub xalqların həyat tərzi, adət-ənənələri ilə tanış edir. Tanınmış fotoqrafın sərgidəki işləri Azərbaycanda müxtəlif dini icmaların bir-birinə hörmət və ehtiram şəraitində yaşadığının tərənnümünə çevrilib. Fotolarda Azərbaycanın təbiətini, qədim adət-ənənələrini, sadə insanların gündəlik həyatını görmək mümkündür. Bu fotolar həm tarixi məkanlarımızı, Azərbaycanın müxtəlif bölgələrindəki həyat tərzini, həm də bu qədim tarixə sahib ölkəmizin müasirliyini izləyicilərin diqqətinə çatdırır.
X X X
Luvr muzeyinin qarşısındakı məşhur “Pale Royal” meydanında “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı olub.
“Azərbaycan şəhərciyi” Parisdə artıq ikinci dəfədir fəaliyyətə başlayır. Şəhərciyin təşkilində əsas məqsəd Azərbaycanın xaricdə daha yaxşı tanıdılmasını, Fransada və onun paytaxtında bununla bağlı təbliğat xarakterli tədbirlərin davamlılığını təmin etməkdir.
Mərasimdə çıxış edən Mehriban Əliyeva bildirib ki, həm Paris sakinləri, həm də bu şəhərə gələn turistlər Azərbaycan şəhərciyində ölkəmiz haqqında dolğun məlumat ala biləcəklər.
Bu şəhərciyin hazırlanmasında və layihənin həyata keçirilməsində əməyi olanlara minnətdarlığını bildirən Mehriban Əliyeva son illərdə təkcə Parisdə deyil, Fransanın digər şəhərlərində də Azərbaycanın mədəniyyət tədbirlərinin keçirildiyini və bunun böyük maraqla qarşılandığını vurğulayıb. Azərbaycanın Fransa ilə ikitərəfli münasibətlərə böyük önəm verdiyini qeyd edən Mehriban Əliyeva son illər bu münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ölkələrimizin bütün sahələrdə uğurlu əməkdaşlıq qurduğunu və bu əlaqələrin genişləndiyini bildirib.
Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare bildirib ki, Fransa paytaxtının mərkəzində, Luvr muzeyinin qarşısında belə yüksək səviyyəli tədbirin təşkili Azərbaycana marağı daha da artırır. Heydər Əliyev Fondunun bu işdəki fəaliyyətini yüksək qiymətləndirən mer bu cür tədbirlərin ölkələrimiz arasında mədəni mübadilənin daha da genişləndirilməsində mühüm rol oynadığını söyləyib.
Fransada Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan Fransua Mansel Mehriban Əliyevanı Heydər Əliyev Fondu tərəfindən təşkil olunan bu cür yüksək səviyyəli tədbirə görə təbrik edib. O, ölkəmizdə birinci Avropa Oyunlarının uğurla keçdiyini və bu idman tədbirinin Azərbaycanın qüdrətini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb. Jan Fransua Mansel Prezident İlham Əliyevin və Oyunların Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın Avropanın həyatında mühüm hadisə olan bu idman bayramını keçirməklə böyük uğura imza atdıqlarını diqqətə çatdırıb.
Şəhərciklə tanışlıq zamanı qonaqlar Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışına baxıblar.
X X X
“Azərbaycan şəhərciyi”ndə ölkəmizin tarixi, mədəniyyəti, xalq sənətkarlığı, adət-ənənələri, milli mətbəxi təqdim olunur. “Azərbaycan Parisin ürəyində” adlanan şəhərcik özünəməxsus dizaynda qala divarlarının əhatəsində təşkil olunub.Şəhərcikdə Azərbaycanın xalçaçılıq, dulusçuluq və digər sənətkarlıq məmulatlarının, milli geyim və musiqi alətlərinin geniş şəbəkəsi yer alıb. Qonaqlar bu sənət nümunələrinin yaradılma prosesini isə buradakı “Emalatxana” bölməsində yaxından izləyə bilirlər. Ölkəmizi təmsil edən sənətkarlar mis qab, şəbəkə, xalça və digər sənət nümunələri hazırlayaraq Azərbaycanın qədim və zəngin sənətkarlıq ənənələrini, onların incəliklərini qonaqlara təqdim edirlər.
Şəhərcikdə, həmçinin Fransada yaşayan məşhur azərbaycanlı və ölkəmizdə yaşayan fransızların əsərlərindən ibarət fotosərgi təşkil olunub. “Azərbaycanlılar və fransızlar: tanışlıq tarixi” adlı bu sərgi ölkələrimizin və xalqlarımızın həyatını tərənnüm edir.
“Azərbaycan şəhərciyi”ndə milli mətbəximizi tərənnüm edən köşklər qurulub. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən müxtəlif yerli şirkətlərə aid köşklərdə milli şirniyyatlar, içkilər, xalq sənətkarlıq nümunələri təqdim olunur. Şəhərciyin qonaqları üçün, həmçinin milli mətbəximizin ləziz xörəkləri hazırlanır. Şəhərcikdə Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən nəşrləri təqdim edilir.
“Azərbaycan şəhərciyi”ndə quraşdırılmış səhnədə konsert proqramları da təşkil edilir.
Qeyd edək ki, “Azərbaycan şəhərciyi” sentyabrın 9-dək fəaliyyət göstərəcək.
X X X
Sonra tarzən Şəhriyar İmanovun rəhbərliyi ilə Azərbaycanın etno-caz musiqisindən ibarət konsert proqramı təqdim olunub.