Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən İDEA – Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində mayın 12-də Bakıda “Yer kürəsi uşaqların gözü ilə” devizi altında gənclərin birinci Beynəlxalq fotofestivalı və sərgisi açılıb.
Leyla Əliyeva açılış mərasimində iştirak edib.
Mayın 14-dək davam edəcək festival və sərgi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. Festival və sərginin təşkilatçıları İDEA Kampaniyası və tanınmış fotoqraf Reza Deqatinin təsis etdiyi AİNA Dünya qeyri-hökumət təşkilatıdır.
Əvvəlcə gənclərin birinci Beynəlxalq fotofestivalı və sərgisi çərçivəsində qrafit sərgisi ilə tanışlıq olub.
Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan və Böyük Britaniyadan olan rəssamların işlərinin nümayiş olunduğu sərgidən məqsəd ekoloji maarifləndirməni təbliğ etməkdir.
Fotomüsabiqə sosial və ətraf mühit mövzusunda şəkillərin dili ilə uşaqları məlumatlandıran ilk beynəlxalq layihə hesab olunur.
Mərasimdə çıxış edən Leyla Əliyeva ölkəmizin ecazkar təbiəti və faunası ilə tanındığını bildirdi. Son zamanlar ölkə həyatının bir çox sahələrində olduğu kimi, ekologiya sahəsində də inkişafın müşahidə olunduğunu bildirən Leyla Əliyeva sərginin əhəmiyyətindən danışdı:
- Əziz dostlar! Bugünkü sərginin mövzusu - “Mən təbiəti sevirəm” və “Mən çirklənmədən qorxuram” fotoqraflara təbiət haqqında fikirləri ifadə etmək imkanı yaradır. Dünyanın istedadlı gəncləri “Yer kürəsi uşaqların gözü ilə” sərgisi vasitəsilə ekspertlərə, məsul şəxslərə və bütün dünyaya ətraf mühitdə mövcud olan mühüm problemləri təqdim edirlər. Mən bizim bu festival-sərginin hər il keçirilməsi barədə məlumatı sizə çatdırmaqdan məmnunam. Ümidvaram ki, bu, dünyada olan bütün uşaqları və gəncləri bir ümumi məqsəd ətrafında birləşdirəcək, insanları həmin problemi həll etməyə ilhamlandıracaqdır. Fikrimcə, ətraf mühitin fotosunu çəkənlər – bizim gözlərimizdir. Doğrusu, fotoqrafların ətraf mühiti göstərmək üsulu dəyişməlidir. Çox zaman biz Facebook, İnstaqram kimi sosial şəbəkələrdə gözəl fotolar görürük. İncəsənəti dəyərləndirən bir insan kimi mən inanıram ki, təbiəti ancaq gözəl tərəfdən göstərmək düzgün ideya deyildir. Bu gün burada gördüyümüz fotolar 90 ölkənin gəncləri tərəfindən təqdim edilən minlərlə foto arasından seçilib.
Gənc fotoqrafların kreativ şəkillərində dünyadakı problemlərin əks olunduğunu deyən İDEA-nın təsisçisi qeyd etdi ki, bu, planetimizi qorumaq üçün insanları konkret addımlar atmağa sövq edəcək. Leyla Əliyeva sərgi-festivalda iştirak etmək üçün ölkəmizə səfər edən qonaqların qədim paytaxtımıza gəlişinin gözəl günlərə təsadüf etdiyini qeyd etdi. Bu günlərdə Azərbaycanda ulu öndər Heydər Əliyevin 90 illik yubileyi və Gül bayramının qeyd edildiyini xatırladan Leyla Əliyeva bunun gənc fotoqraflar üçün ölkəmizi bayram günlərində fotoobyektivin gözü ilə bütün dünyaya təqdim etmək üçün daha bir şans olduğunu söyləyib.Əminəm ki, bu festival böyük uğur hekayəsi olacaq.
Leyla Əliyeva bu sərgi-festivalın ölkəmizlə daha yaxından tanış olmaq imkanı yaratdığını da bildirdi.
Festival çərçivəsində İDEA tərəfindən mükafatlar təqdim olundu.
“Planetimiz uşaqların gözü” ilə filmi nümayiş olunduqdan sonra fotomüsabiqə qaliblərinin adları elan edildi. Bunlar Fransa, Hindistan, Kanada, Sloveniya, Cənubi Afrika, Ukrayna, Nepal, Türkiyə, Böyük Britaniya, İndoneziya və İspaniyadan olan uşaqlardır.
Dünya şöhrətli fotoqraf Reza Deqatinin sədrlik etdiyi münsiflər heyətinə “Reuters”, “Polka” jurnalı, “National Geographic”, “Associated Press” və foto sahəsində tanınmış digər qurumların nümayəndələri daxildir.
Beynəlxalq fotomüsabiqəyə 4 mindən çox fotoşəkil təqdim edilib. Onlardan yalnız yüzü festival-sərgidə nümayiş olunur.
Müsabiqənin qaliblərinə mükafatlar, o cümlədən kamera avadanlığı təqdim edildi.
Onlar, həmçinin dünyada məşhur fotoqraf Reza Deqaitinin fotoseminarında iştirak etmək imkanı qazandılar.
Fotosərgi və festivalın açılış mərasimində qonaqlar milli musiqimizlə tanış olmaq imkanı da əldə etdilər.
Reza Deqaiti ikinci müsabiqənin də başlandığını elan edərək bildirdi ki, bu müsabiqə “Su həyatdır. Susuz həyat mümkün deyil” adlanacaq.
Sonda İDEA-nın himni səsləndi.