RAGB-in təşkilatçılığı ilə İjevskdə “Nə? Harada? Nə vaxt?” intellektual oyunu keçirilib
15/10/2015

Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB), Udmurtiya Respublikasında (Rusiya) fəaliyyət göstərən “Azərbaycan-Udmurtiya Dostluq İctimai Mərkəzi” regional qurumunun təşkilatçılığı və Udmurtiya Milli Siyasət Nazirliyinin dəstəyi ilə İjevskdə “Nə? Harada? Nə vaxt?” intellektual oyunu keçirilib.

“Nə? Harada? Nə vaxt?” intellekt yarışmasının 40 illik yubileyinə həsr olunmuş oyunu “Büllur bayquş” mükafatının sahibləri, əfsanəvi oyunçular Rövşən Əsgərov və Dmitri Avdeyenko idarə ediblər.

Udmurtiyanın milli siyasət naziri Larisa Buranova tədbiri açaraq respublikada Azərbaycan diasporunun fəaliyyətinə, eləcə də intellektual yarışmanın təşkilinə dəstəyə görə Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-in sədri Leyla Əliyevaya təşəkkürünü bildirib, yarışmanın iştirakçılarına uğurlar diləyib. O qeyd edib ki, Udmurtiyada 136 xalqın nümayəndələri yaşayır. Regionda azərbaycanlıları öz ətrafında birləşdirən “Dostluq Mərkəzi” artıq uzun müddətdir fəaliyyət göstərir və digər milli qurumlar arasında böyük nüfuza malikdir. Mərkəz ən müxtəlif, o cümlədən sosial yönümlü tədbirlər keçirir, uşaq evlərinə, internat məktəblərinə yardımlar edir.

“Dostluq Mərkəzi”nin rəhbəri Zülfüqar Mirzəyev Udmurtiyada Azərbaycan diasporunun fəaliyyətinə göstərilən qayğıya görə Leyla Əliyevaya təşəkkürünü bildirib. Z.Mirzəyev təhsildə uğur qazanan gənclərə diplomlar və pul mükafatları təqdim edib.

İjevskin “Xalqlar dostluğu” Sarayında keçirilən oyunda bilik və erudisiya səviyyələrini yoxlamaq üçün 16 milli-mədəni birlikdən 17 komanda iştirak edib. Azərbaycanı “Odlar yurdu” və “Qız qalası” komandaları təmsil ediblər.

Rövşən Əsgərovun oyun boyu səsləndirdiyi suallar, əsasən, tarix, incəsənət, kino və ədəbiyyat sahələrinə aid idi. Gərgin və maraqlı keçən seçmə turundan sonra yarımfinala çıxan komandalar məlum olub. Turnirin breyn-rinq formasında keçən ikinci hissəsindən sonra qaliblər müəyyən edilib: birinci yerə Yəhudi Mədəniyyət Mərkəzinin “Kipİj”, ikinci yerə Udmurtiya Milli Siyasət Nazirliyinin “Minnats UR”, üçüncü yerə Kryaşelərin Milli Mədəni Mərkəzinin “Vse po QOSTu” komandaları çıxıb.

Udmurtiya milli siyasət naziri Larisa Buranova, “Dostluq Mərkəzi”nin rəhbəri Zülfüqar Mirzəyev, “Nə? Harada? Nə zaman?” intellektual oyununun aparıcıları Rövşən Əsgərov və Dmitri Avdeyenko qaliblərə kubokları və mükafatları təqdim ediblər.

Nazir, həmçinin “Nə? Harada? Nə zaman?” açıq turnirinin keçirilməsində fəal iştirak etdikləri üçün Rövşən Əsgərova, Dmitri Avdeyenkoya, RAGB idarə heyətinin üzvü Ayan Həsənovaya, “Azərbaycan-Udmurtiya Dostluq İctimai Mərkəzi” Regional Təşkilatının rəhbəri Zülfüqar Mirzəyevə, informasiya dəstəyinə görə isə AZƏRTAC-a təşəkkürünü bildirib.

Tədbirdə Pərviz Mahmudovun ifasında “Mənim Azərbaycanım”, Faiq və Rauf Mirzəyev qardaşlarının ifasında “All or me” mahnıları səslənib.