Oktyabrın 31-də Moskvadakı Beynəlxalq Ticarət Mərkəzində Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) “RAGB: gənclərin layiqli gələcəyi naminə” mövzusunda VI Forumu keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyeva Forumun işində iştirak edib.
Foyedə RAGB-nin, IDEA (Ətraf mühitin qorunması naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin fəaliyyətinə həsr edilmiş fotosərgi açılıb, Heydər Əliyev Fondu öz nəşrlərini və XIX-XX əsrlərə aid milli geyimlər sərgisini təqdim edib.
Leyla Əliyeva Forum barədə fikirlərini rusiyalı jurnalistlərlə bölüşüb: “Rusiyada olmaqdan həmişə böyük məmnunluq duyuram... Rusiyada çoxlu azərbaycanlı, o cümlədən azərbaycanlı gənclər yaşayır. Bu konfransı keçirməkdə məqsəd həmin gəncləri birləşdirmək, onların Rusiya cəmiyyətinə inteqrasiya olunmasına kömək etməkdir”.
Leyla Əliyeva Forumda təhsil və ekologiya məsələlərinin müzakirə ediləcəyini vurğulayıb: “Ekologiya bizim üçün çox vacibdir. Bilirəm ki, bizim ölkəmiz kimi, Rusiya da ətraf mühitin qorunmasına xüsusi diqqət yetirir. Biz bu istiqamətdə Rusiya ilə daha sıx əməkdaşlıq etmək istəyirik. Bundan əlavə, forumda mədəniyyət, idman mövzularına, bir sözlə, gəncləri maraqlandıran bütün məsələlərə toxunulacaq”.
Əvvəlcə RAGB-nin fəaliyyəti haqqında sənədli film nümayiş etdirilib.
Leyla Əliyeva forumda çıxış edib:
- Hörmətli qonaqlar, əziz dostlar!
İlk növbədə hamınızı Bakıda salamlamaq istəyirəm. Bu gün bizi sizinlə çox gözəl bir hadisə - Mixail Yuriyeviç Lermontovun anadan olmasının 200 illiyi birləşdirir. Mən bilirəm ki, bu tarix bir çox ölkələrdə qeyd olunur, çünki Lermontovun dühası bütün bəşəriyyətə məxsusdur.
Onun yaradıcılığı dünya mədəniyyətinə böyük töhfə verib və bütün xalqların ürəyinə yatıb. Onu həm Qərbdə, həm də Şərqdə sevirlər. Lermontovun poeziyası həm parlaq vətəndaşlıq mövqeyi, həm dərin fəlsəfə, həm də incə məhəbbət lirikasıdır. Hamıya məlumdur ki, Lermontov əsərlərinin çoxunu Qafqazda sürgündə olarkən yazıb. Qafqaz dağlarının, meşələrinin və çaylarının parlaq rəngləri onu bir rəssam və şair kimi çox ruhlandırıb. O, öz əsərlərini yerli adət-ənənələrin koloriti ilə zənginləşdirib. Hətta onun qəhrəmanlarının çoxu Azərbaycan, Gürcüstan, Çeçenistan və Dağıstanın həqiqi sakinləri olub. O, həm də bizə mədəni müxtəlifliyin nə dərəcədə əhəmiyyətli olduğunu göstərib.
Azərbaycanda böyük rus mədəniyyətinə və ədəbiyyatına həmişə dərin məhəbbət və ehtiramla yanaşıblar. Bu günün özündə ölkəmizin məktəblərində rus dilinin öyrənilməsi tam həcmdə saxlanılıb, Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzi, Bakı Slavyan Universiteti fəaliyyət göstərir, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı mövcuddur. Əlbəttə, biz Lermontovun Azərbaycan dilini öyrənməsi ilə çox qürur duyuruq. Hətta onun özü qeyd edirdi ki, fransız dili Avropa üçün əhəmiyyətli olduğu qədər Azərbaycan dili də Asiya üçün əhəmiyyətlidir.
Böyük maarifçi, filosof və Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə Lermontovun müəllimi olub. Onları həm mehriban və səmimi dostluq, həm də böyük Puşkinin istedadına hədsiz məhəbbət və ehtiram hissi bağlayıb. Zənnimcə, bu, Azərbaycan ilə Rusiyanı birləşdirən köklərin nə qədər qədim və dərin olduğunu bir daha vurğulayır. Həmişə olduğu kimi, bu gün də Azərbaycanda Lermontovu çox sevirlər. Bakıda mərkəzi küçələrdən biri onun adını daşıyır, Qusar şəhərində isə Lermontov muzeyi fəaliyyət göstərir. Bu, şairin qaldığı həmin evdir.
Əziz dostlar, bu gün biz Mixail Yuriyeviç Lermontovun anadan olmasının 200 illiyini qeyd edirik. Şəxsən mənim üçün o, daim yaşayır. O, bütün dünyada insanların qəlbində yaşayır. O, yaşlıların və uşaqların ürəyində yaşayır. Siz artıq Azərbaycanın ən gənc rəssamlarının hazırladığı gözəl sərgi ilə tanış olmuşsunuz. Bu gün şairin yubileyini qeyd edən Azərbaycan ona ehtiramını nümayiş etdirir, məhəbbətini bəxş edir.
Diqqətinizə görə hamınıza təşəkkür edirəm və hamınıza gözəl gecə arzulayıram. Sağ olun.
X X X
Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Rusiya Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov, Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədri Leonid Slutski, Rusiya Prezidentinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, Moskva Hökumətinin departament rəhbəri Vladimir Çernikov, Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim Pivovar, Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin tələbəsi Polad Talıbov forumda çıxış ediblər.
Tədbirin sonunda əlaçı tələbələrin, RAGB-nin keçirdiyi müsabiqələrin qaliblərinin və gənclər təşkilatının fəallarının təltif edilməsi mərasimi keçirilib. Leyla Əliyeva Rusiyanın ali məktəblərində əla qiymətlərlə oxuyan azərbaycanlı tələbələrə “Gənclər Birliyinin əlaçısı” diplomlarını təqdim edib.
Forum işini bölmələrdə davam etdirib. İştirakçılar – Azərbaycan diasporunun nümayəndələri və Rusiya gənclər təşkilatlarının təmsilçiləri “Azərbaycan və yeni dövrün çağırışları”, “IDEA – bir dünya, bir gələcək”, “Ədalət səfiri ol”, “Turizmin və diyarşünaslığın inkişafı gənclərin vətənpərvərlik və mənəvi-əxlaqi tərbiyəsinin vasitəsi kimi”, “Gənclərin karyera inkişafı: sahibkarlıq və uğura aparan yol” mövzularında bölmələrdə iştirak edib, müzakirələr aparıblar.