Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Rusiyanın “Moskovski komsomolets” qəzetinin müxbiri Janna Qolubitskaya Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) VI Forumunun işində iştirak edib və təəssüratlarını bölüşüb.
O deyib: “Həmişə olduğu kimi, Azərbaycan tərəfi təşkilati dəqiqliyi və qonaqpərvərliyi ilə seçilib: RAGB-nin VI Forumu çərçivəsində bütün tədbirlər hərtərəfli hazırlanıb. Hər şey elə düşünülüb ki, Forum nümayəndələri tematik seksiyaların iclasları arasında dincəlməyə imkan tapsınlar, axı gənclərin böyük toplantısının iştirakçıları Rusiyanın bütün regionlarından, habelə Azərbaycandan gəliblər”.
Məlum olduğu kimi, Forumun keçirildiyi gün Misirdə sərnişin təyyarəsi qəzaya uğrayıb və Rusiya vətəndaşları həlak olublar.
Ölkədə matəmin növbəti gün elan edilməsinə baxmayaraq, RAGB-nin sədri forum iştirakçıları üçün konserti təxirə salmağı qərara aldı.
Janna Qolubitskaya Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyevaya həssas münasibətinə görə xüsusilə təşəkkür edib. O deyib: “Qardaş xalqın kədəri səmimi idi. Gözü, qulağı və qəlbi olan insan boş bəyanatı əsl canıyananlıqdan hər zaman seçə bilər. Mən orada olan azərbaycanlıların gözlərinin yaşardığını gördüm. Mən də Xocalı qurbanlarının xatirə axşamında ağlayırdım. Axı biz hamımız canlı insanlarıq! Hələ ki canlıyıq. Əgər bir-birimizin müsibətinə sevinməyə başlasaq, onda bu kiçik Yer kürəsi çox tezliklə məhv olacaq”.
Buna baxmayaraq Forum bütün elan edilən iclasları öz qaydasında başa çatdırdı. Janna Qolubitskaya, həmçinin seksiyaların işində fəal iştirak edib, çıxışlarında Azərbaycanın çox gözəl turizm imkanlarının, demək olar ki, Rusiyada tanınmamasına heyrətini və təəssüfünü bildirərək, Bakıya və Azərbaycanın bəzi rayonlarına bir neçə səfərinin təəssüratlarını bölüşüb. J.Qolubitskaya hesab edir ki, indiki iqtisadi və siyasi vəziyyətdə, məsələn, “Şahdağ” dağ-xizək bazası olduqca bahalı Alp və Pireneyə real alternativ ola bilər. “Burada qış istirahəti üçün nümunəvi şərait yaradılıb. Bundan əlavə, Azərbaycan həm də əla Xəzər çimərlikləri, “Naftalan” müalicə nefti, qastronomik, enoqastronomik və ya ekoloji turizm nümunələri deməkdir”, - deyə o, əlavə edib.
J.Qolubitskaya hesab edir ki, “Azərbaycanın turizm məhsulları, əlbəttə ki, Rusiya turoperatorlarının təklifləri arasında mövcuddur, lakin daha çox ümumi siyahıda, fəal irəliləmə siyasəti olmadan. Bu gün Rusiyada səyahət jurnalistlərinin və turizm sahəsində ekspertlərin təşəbbüs qrupu yaradılıb. Bu qrup Azərbaycanın potensialı ilə tanışdır və informasiya boşluğunu doldurmağa hazırdır”.
J.Qolubitskaya RAGB-nin Forumunun bütün iştirakçılarına və şəxsən Leyla Əliyevaya Forumun gözəl təşkilinə görə təşəkkür edib.
Forumun seksiyasında onun çıxışından dərhal sonra Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri seksiyadakı çıxışda səsləndirilən təkliflərə maraq göstəriblər və şəxsən nazir Əbülfəs Qarayevə çatdırmaq üçün təkliflərin tezislərini göndərməyi xahiş ediblər.
Janna Qolubitskaya sonda deyib: “Çox xoşagələn haldır ki, ölkələrimiz arasında nəinki dostluq və anlaşma, həm də əməkdaşlıq var.