IDEA quş sığınacaqları Bakının müxtəlif ərazilərində quraşdırılıb
13/05/2013

IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) Kampaniyası hər il may ayının 11-12-də qeyd olunan Dünya Köçəri Quşlar Günü münasibətilə Bakı şəhərinin müxtəlif ərazilərində quş sığınacaqları quraşdırılıb.

Quş sığınacaqlarının quraşdırılması müvafiq olaraq İçərişəhər və Azərbaycan Diplomatik Akademiyasının (ADA) universitet şəhərciyindəki yaşıllıq ərazilərdə reallaşdırılıb.

Ümumilikdə 30-dan çox quş sığınacağı quraşdırılıb.

Quş sığınacaqları İçərişəhərdə “İrəli” İctimai Birliyinin fəalları, Azərbaycan Diplomatik Akademiyasının universitet şəhərciyində isə ADA-nın tələbələrinin iştirakı ilə quraşdırılıb.

IDEA quş sığınacaqları bundan əvvəl Bişkek, Moskva şəhərlərində və Minsk şəhəri ətrafında quraşdırılıb.Onların Bakı şəhəri ərazisində quraşdırılmasının qarşıdakı günlər ərzində davam etdirilməsi planlaşdırılır.

IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) Kampaniyası köçəri quşların mühafizəsində ictimaiyyətin rolunu artırmaq və insanların təbiətə xüsusi qayğıkeş münasibətini formalaşdırmaq məqsədi ilə 2012-ci ilin may ayında Beynəlxalq Köçəri Quşlar Günü münasibətilə “Quşlar üçün sığınacaq dizaynı” adı altında müsabiqə elan edib. Müsabiqəyə 100-dən çox eskiz təqdim olunub.