Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Heydər Əliyev Fondu uşaqlara növbəti dəfə sevinc bəxş edib. Noyabrın 13-də Fondun təşəbbüsü ilə uşaqlar üçün şənlik təşkil olunub.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva övladları ilə birlikdə iştirak edib.
Bakının əyləncə mərkəzlərindən birində təşkil edilən şənliyə balacalar onlar üçün xüsusi ayrılmış avtobuslarla gəldilər. Budəfəki şənlikdə Bakı şəhərindəki müxtəlif uşaq evlərindən və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzindən uşaqlar iştirak etdilər.
Xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını, müxtəlif humanitar aksiyaları fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin sakinlərinə unudulmaz bir gün yaşatdı. Bu dəfə də Fondun müxtəlif uşaq evlərinin sakinləri üçün təşkil etdiyi növbəti tədbir məhz belə xeyirxah missiyanın davamı oldu. Uşaqların istirahətinin səmərəli təşkili məqsədilə keçirilən aksiyada balacalar müxtəlif maraqlı attraksionlarda əyləndilər, oyunlarda iştirak etdilər, istirahətlərinə rəngarənglik qatan sağlam rəqabət apardılar. Oyun avtomatlarının və attraksionların bol olduğu mərkəzdə istədikləri kimi əylənən uşaqlar bu aksiyadan xüsusi zövq aldılar, burada gözəl istirahət etdilər, əylənib oynadılar.
Heydər Əliyev Fondunun təşkil etdiyi tədbirdə müxtəlif uşaq evlərinin sakinlərinin birgə nahar etmələri onlar üçün həm də bu şənlikdən aldıqları təəssüratları bölüşmək imkanı yaratdı.
Şənliyin sonunda 200-dək uşağa Heydər Əliyev Fondunun hədiyyələri verildi.