Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşəbbüsü ilə Azərbaycanın RF-dəki səfirliyində Böyük Vətən müharibəsi veteranları ilə qeyri-rəsmi dostluq görüşü keçirilib.
Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin başçısı Leyla Əliyeva, Rusiya Prezidenti yanında İctimai Palatanın üzvü Mariya Bolşakova, Rusiya Sülh Fondu İdarə heyəti sədrinin birinci müavini, Fondun Moskva vilayəti təşkilatının sədri Antonina Baqayeva, mərhum marşal M.Katukovun xanımı Yekaterina Katukova, İstra şəhəri hökumətinin nümayəndəsi Aleksandr Çurilov, tanınmış yazıçı Rudolf İvanov, Moskva vilayəti Qadınları İttifaqının nümayəndələri, Böyük Vətən müharibəsinin azərbaycanlı və rusiyalı veteranları iştirak ediblər.
Veteranlar səmimi dostluq şəraitində keçən tədbirdə qeyri-rəsmi görüşün təşkilinə, onlara göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirib, belə əlaqələrin xalqlarımız və ölkələrimiz arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini bildiriblər. Öz xatirələrini bölüşən veteranlar azərbaycanlıların rəşadətini və qəhrəmanlığını, faşizm üzərində Qələbədə bütövlükdə ölkəmizin rolunu xüsusi vurğulayıblar. Çıxış edənlər birgə fəaliyyət göstərməyə hazır olduqlarını bildirərək, bir sıra əməkdaşlıq və müştərək tədbirlər keçirmək təşəbbüsləri irəli sürüblər. Məsələn, Azərbaycanın paytaxtına Döyüş Şöhrəti Şəhəri adının verilməsi, Moskva torpağında həlak olmuş azərbaycanlı döyüşçülərin xatirəsini əbədiləşdirmək təklif edilib. Rusiya Sülh Fondunun Moskva vilayəti təşkilatının sədri Antonina Baqayeva bildirib ki, onun təşkilatı azərbaycanlı uşaqlar üçün kitablar toplayıb və kitablar azərbaycanlı uşaqlara göndərəcək. O ötən il Fondun azərbaycanlı uşaqları Moskva vilayətindəki yay düşərgəsinə dəvət etdiyini xatırladıb, dəvətin bu il də olacağını söyləyib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu öz növbəsində bu görüşün müharibə veteranlarına hörmət və etimad əlaməti olaraq təşkil edildiyini deyib, faşizmlə ölüm-dirim savaşında Qələbənin ümumi qələbə olduğunu, belə görüşlərin xalqlarımızı daha da yaxınlaşdırdığını söyləyib.
Leyla Əliyeva isə Fondun və onun nümayəndəliyinin müxtəlif ölkələrdəki humanitar fəaliyyətindən danışıb. O bildirib ki, böyük işlər görülməsinə baxmayaraq, Fondun yaxın gələcək üçün çoxlu planı və layihəsi var.
Qonaqlara Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi adından xatirə hədiyyələri də təqdim olunub.