Nəsimi rayonunda növbəti ağacəkmə aksiyası keçirilib
23/11/2015

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Nəsimi rayonunda növbəti ağacəkmə aksiyası təşkil edilib.

Aksiya zamanı 500 nəfərdən çox insanın iştirakı ilə böyük ərazidə ağac əkilib.

İcra hakimiyyətinin başçısı Asif Əsgərovun da iştirak etdiyi aksiya zamanı ərazi təmizlənib, yeni torpaq qatı salınıb. Burada əvvəllər əkilmiş və yeni əkiləcək ağacların suvarılması və yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi üçün yeni su xətti çəkilib. Biomüxtəlifliyin artırılması və rayonun florasının daha da zənginləşdirilməsi məqsədilə yerli ağac növləri ilə yanaşı, bir sıra xarici ölkələrdən müxtəlif gül və ağac kolları da gətirilib. Gün ərzində 2000 ağac və gül kolu əkilib, hazırlanmış sahəyə qazon otu döşənib, əvvəl əkilmiş ağaclara qulluq göstərilib.

Mövsüm ərzində rayonda yaşıllaşdırma aksiyalarının mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.