Leyla Əliyeva Mərkəzi və Şərqi Avropa üzrə Regional Ətraf Mühit Mərkəzinin icraçı direktoru Marta Jiqeti Bonifert ilə görüşüb

Video

Leyla Əliyeva Mərkəzi və Şərqi Avropa üzrə Regional Ətraf Mühit Mərkəzinin icraçı direktoru Marta Jiqeti Bonifert ilə görüşüb

Leyla Əliyeva Mərkəzi və Şərqi Avropa üzrə Regional Ətraf Mühit Mərkəzinin icraçı direktoru Marta Jiqeti Bonifert ilə görüşüb
04/12/2015

Dekabrın 4-də BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransında (COP21) iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Mərkəzi və Şərqi Avropa üzrə Regional Ətraf Mühit Mərkəzinin (REC) icraçı direktoru Marta Jiqeti Bonifert ilə görüşüb.

Görüşdə IDEA və REC arasında əməkdaşlıq əlaqələri nəzərdən keçirilib və gələcəkdə birgə layihələrin reallaşdırılması üzrə müzakirələr aparılıb.

Hər iki təşkilat ətraf mühit təhdidləri barədə ictimaiyyətin maarifləndirilməsini prioritet sahə kimi qəbul edir. Bu baxımdan, IDEA və REC tərəfindən Azərbaycan məktəbliləri üçün “Yaşıl Paket” adlı multimedia dərsliyi tərtib olunmaqdadır. Bu dərsliyin gələn il ərzində geniş ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulub.

Leyla Əliyeva IDEA İctimai Birliyinin fəaliyyəti və əldə etdiyi uğurlar barədə həmsöhbətinə geniş məlumat verib. Qeyd olunub ki, IDEA-nın Bakı və Gəncə şəhərlərində yerləşən müasir Resurs mərkəzləri gənclərin ətraf mühit sahəsində biliklərinin dərinləşdirilməsinə xidmət edir. Bu mərkəzlərdə müxtəlif yaş qrupundan olan şəxslər üçün həftəlik və aylıq əsaslarla təmənnasız mühazirələr, treninqlər, “dəyirmi masa”lar, laboratoriyalar, təqdimatlar və seminarlar təşkil olunur. Bununla yanaşı, IDEA İctimai Birliyi Azərbaycan dilində dərslik və kitabların nəşr olunmasında da yaxından iştirak edir.

Xanım Bonifert IDEA ilə əməkdaşlıqdan məmnunluğunu bildirib və birgə səylərin bundan sonra da davam etdirilməsində maraqlı olduqlarını ifadə edib. O, həmçinin IDEA-nın fəaliyyətini yüksək qiymətləndirdiklərini xüsusi olaraq vurğulayıb.

Görüşdə gələcəkdə təhsil, ictimai maarifləndirmə, biomüxtəliflik, məlumat və təcrübə mübadiləsi, birgə nəşrlərin buraxılması, regional və beynəlxalq tədbirlərin keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.