Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Oktyabrın 21-də “Hilton Baku” otelində Heydər Əliyev Fondu ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında “2012-ci ildə keçiriləcək Rio+20 konfransına hazırlıq məqsədilə Azərbaycan gənclərinin səfərbər edilməsi” adlı Anlaşma Memorandumu imzalanıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.
Tədbirdə çıxış edən BMT-nin Azərbaycan üzrə rezident-əlaqələndiricisi Fikrət Akçura bu prosesə verdikləri dəstəyə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür etdi. Bu tədbirin milli mövqenin bəyan edilməsi üçün əla fürsət olduğunu deyən F.Akçura Azərbaycan gəncliyinin nümayəndəsi Leyla Əliyevanın elan etdiyi Ətraf Mühitin Mühafizəsi Fəaliyyəti üzrə Beynəlxalq Dialoqun xüsusi əhəmiyyətini vurğuladı.
Gələn il Rio de Janeyroda keçiriləcək konfransa qədər əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə əminliyini bildirən BMT-nin Azərbaycan üzrə rezident-əlaqələndiricisi bu ilin noyabrında gənclər üçün təşkil olunacaq beynəlxalq düşərgənin yaradılması ideyasının da böyük maraq doğurduğunu bildirdi.
Azərbaycanın hər zaman ətraf mühitlə bağlı məsələlərdə təşəbbüskarlıq göstərdiyini deyən F.Akçura sovet dövründə böyük ekoloji problemlərlə üzləşən bu ölkənin hazırda ekoloji tarazlığın qorunması işinə böyük vəsait xərclədiyini vurğuladı. O, həmçinin Azərbaycanın dünyada dayanıqlı inkişafla bağlı xüsusi mövqe nümayiş etdirdiyini diqqətə çatdırdı.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə çıxış etdi.
Tədbir çərçivəsində “Rio+20” konfransına hazırlıq üçün Azərbaycan gənclərinin səfərbər edilməsi ilə bağlı imzalanacaq memorandumun əhəmiyyətinə toxunan Leyla Əliyeva bu məsələdə BMT-nin İnkişaf Proqramı ilə birgə fəaliyyətin əhəmiyyətindən danışaraq dedi: ““Rio+20” konfransı 1992-ci ildə keçirilmiş ətraf mühit və inkişaf məsələləri üzrə BMT-nin tarixi konfransının 20 illiyini qeyd etmək üçün təşkil olunacaqdır. Rio-de-Janeyro şəhərində baş tutacaq bu vacib konfransda biz zəmanəmizin əsas məsələlərini, xüsusilə də ətraf mühitin mühafizəsini, dayanıqlı inkişafı, yoxsulluğun azaldılmasını müzakirə edəcəyik. Sözsüz ki, qarşımızda duran çətinliklərlə bağlı müvafiq cavab tədbirlərini də burada müzakirə edəcəyik. Çalışacağıq ki, BMT-yə üzv olan ölkələr tərəfindən müvafiq siyasi iradənin göstərilməsinə nail olaq”.
Leyla Əliyeva ətraf mühitin qorunması və ekoloji problemlərin həlli istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərdən də danışdı. Azərbaycanda ətraf mühitin qorunması məsələsinə xüsusi diqqət yetirildiyini və bu istiqamətdə bir çox uğurların qazanıldığını vurğulayan Heydər Əliyev Fondunun vitse-prezidenti fikrini belə davam etdirdi: “Qarşımızda duran əsas məqsədlərdən biri də Qəbələdə yaradılacaq düşərgədir ki, biz bununla “Rio+20” konfransını keçirmək üçün daha yaxşı hazırlıq səviyyəsinə nail ola bilək. Azərbaycana gəldikdə, biz noyabrı “Ekologiya ayı” elan etmişik və bununla bağlı qarşımızda bir sıra təşəbbüslər vardır. Bu, bilavasitə ətraf mühitə dostcasına yanaşmaqdan ibarətdir. Biz iməciliklər keçirilməsi, kütləvi halda ağacların əkilməsi, parkların yenidən qurulması, şəhər boyu quşlar üçün evciklərin quraşdırılması və nəsli kəsilməkdə olan heyvanların yenidən təbiətə qaytarılması, bundan başqa çirklənmiş torpaqların təmizlənməsi və əyalətlərdə içməli suyun olmasını istəyirik.
Bizim çox gözəl bir təşəbbüsümüz də vardır. Bu təşəbbüs Azərbaycan Alpinizm Federasiyası ilə birgə irəli sürülmüşdür. Biz Azərbaycandan, Gürcüstandan, Türkiyədən, İrandan və Rusiyadan alpinistləri ekspedisiya şəklində bir araya gətirərək adı məlum olmayan zirvəyə qalxmağa şövq edəcəyik. Bu zirvənin hündürlüyü təxminən 3600 metrdir. Bu zaman onlar dağlardan, dərələrdən, kəndlərdən keçərək əraziləri təmizləyəcəklər. Onlar ərazilərdən zibilləri və digər tullantıları toplayaraq burada zibil qutuları yerləşdirəcək və bu məlumatı ətrafda yaşayan insanlara çatdıracaqlar”.
Sonra Leyla Əliyeva və Fikrət Akçura Heydər Əliyev Fondu ilə BMT-nin İnkişaf Proqramı arasında “2012-ci ildə keçiriləcək “Rio+20” konfransına hazırlıq məqsədilə Azərbaycan gənclərinin səfərbər edilməsi” adlı Anlaşma Memorandumu imzaladılar.
Mərasimdə çıxış edən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov son illərdə Azərbaycanda ekoloji siyasət üzrə mühüm islahatların həyata keçirildiyini, ölkəmizin bu sahədə üzərinə götürdüyü beynəlxalq öhdəlikləri uğurla icra etdiyini dedi. O bildirdi ki, Prezident İlham Əliyevin ekoloji mühitin yaxşılaşdırılması ilə bağlı gördüyü işlərə Heydər Əliyev Fondu xüsusi dəstək verir. Nəticədə Azərbaycan uzun illərdir ki, bu sahədə üzləşdiyi problemlərdən tədricən xilas olur. Əhalinin içməli suya olan tələbatı ödənilir, ölkədə nəsli kəsilməkdə olan heyvanlar tarixi yerlərinə qaytarılır.
Qlobal səviyyədə həyata keçirilən bu layihədə nailiyyətlərin davamlı olacağına əminliyini bildirən H.Bağırov həmin məsələdə gənclərin iştirakının təmin olunmasında Leyla Əliyevanın xüsusi xidmətlərinin olduğunu dedi.
Mərasimdə Ətraf Mühitin Mühafizəsi Fəaliyyəti üzrə Beynəlxalq Dialoq – IDEA-nın internet saytının (www.ideacampaign.org) təqdimatı keçirildi.
Qeyd edək ki, layihə 2012-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Dayanıqlı İnkişaf üzrə BMT Konfransı üçün hazırlıq prosesində gənclərin iştirakını təşviq etmək məqsədi daşıyır. Layihənin digər məqsədi isə gənclərin ölkədə dayanıqlı inkişafına nail olunması istiqamətində ortaya çıxan çatışmazlıqların aradan qaldırılmasına dair fikirlərinin nəzərə alınmasına şərait yaratmaqdır.
Cari il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülən Ətraf Mühitin Mühafizəsi Fəaliyyəti üzrə Beynəlxalq Dialoq təşəbbüsü gənclərin dayanıqlı inkişaf üzrə qlobal hərəkata fəal qoşulması üçün platforma rolunu oynayır.
Mərasimdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.