IDEA Kampaniyası Dünya Ətraf Mühitin Mühafizəsi Gününü qeyd edib
06/06/2013

IDEA (International Dialogue for Environmental Action) Kampaniyası 5 iyun - Dünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar “Azərbaycan ekosistemləri və landşaft müxtəlifliyi” mövzusunda interaktiv seminar təşkil edib.

Ətraf mühitə və onun qorunmasına xüsusi marağı olan tələbələrin və bu sahədə çalışan müəllimlərin iştirak etdikləri seminar Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən IDEA Resurs Mərkəzində keçirilib.

Tədbirdə ekspert qismində AMEA-nın Zoologiya İnstitutunun informasiya və innovasiya şöbəsinin müdiri, professor Elman Yusifov iştirak edib.

Seminar zamanı Azərbaycanın landşaftı, fauna və florası, landşaft müxtəlifliyinin yaranma səbəbləri, həmçinin düzən və dağ landşaftlarının bitki və canlı müxtəlifliyi haqqında geniş məlumat verən ekspert bildirib ki, ölkəmizin təbiətinin, zəngin bitki və heyvanat aləminin, təbii sərvətlərərinin qorunmasında və gələcək nəsillərə çatdırılmasında gənclərin böyük rolu olmalıdır.

IDEA Kampaniyası 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb. Kampaniya ətraf mühitin qorunması üzrə regional və beynəlxalq əməkdaşlıq şəbəkəsi quraraq biomüxtəlifliyin qorunması ilə bağlı insanları maarifləndirmək istiqamətində müxtəlif ekoloji layihələr həyata keçirməkdədir.