Fevralın 13-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bir sıra mövzularda müzakirələr aparılıb.

Tədbirlərdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.

Mehriban Əliyeva konfransın “Hədsiz böhranlar, dünya nizamını pozanlar, köməksiz müdafiəçilər: dünya nizamının vəziyyəti” mövzusunda müzakirələrin aparıldığı tədbirdə iştirak edib.

NATO-nun baş katibi Yens Stoltenberqin, Rusiyanın Baş naziri Dmitri Medvedevin, Fransanın Baş naziri Manuel Valsın, Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşingerin, ABŞ-ın dövlət katibi Con Kerrinin, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin və digər nüfuzlu şəxslərin iştirak etdikləri tədbirdə əsasən beynəlxalq təhlükəsizliyə yönələn təhdidlərin qarşısının alınması, dünyadakı münaqişə ocaqlarındakı vəziyyət və bu təhlükələrdən xilas yolları müzakirə olunub.

Leyla Əliyeva isə Münxen Təhlükəsizlik Konfransının gənc liderləri sırasında müzakirələrin gedişini izləyib.