Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə 2008-ci ildə təsis edilən “Xocalıya Ədalət” Beynəlxalq Kampaniyasının yeni internet səhifəsi istifadəyə verilib.
Yeni səhifə bir çox fərqli xüsusiyyətləri ilə yanaşı, həm də Xocalı soyqırımı ilə bağlı hərtərəfli resurs mənbəyi rolunu oynayır. Belə ki, internet səhifəsində Xocalı şəhərinin işğaldan əvvəlki vəziyyəti, onun coğrafiyası, tarixi, iqtisadiyyatı və demoqrafik vəziyyəti barədə ətraflı məlumat toplanıb. Xocalı ilə bağlı saytda yerləşdirilmiş tarixi faktlar ermənilərin bu əraziyə olan iddialarının əsassız olduğunu bir daha sübut edir.
Bundan başqa saytda Xocalı soyqırımından sonra qırğın törədilən ərazidə yerli və xarici müxbirlər tərəfindən çəkilmiş foto və video materiallar, şahid ifadələri, sənədli filmlər, Xocalı hadisələri ilə bağlı 1992-ci ildə beynəlxalq mətbuatda dərc edilmiş məqalələr, xarici müəlliflərə məxsus araşdırmalar, tarixi sənədlər və s. faydalı materiallar təqdim olunur. İnternet səhifəsində, həmçinin “Xocalıya Ədalət” Beynəlxalq Kampaniyası tərəfindən Xocalı hadisələri ilə bağlı hazırlanmış xüsusi təqdimat da (“PowerPoint” formatında) yerləşdirilmişdir. Bu təqdimatdan istifadə etməklə istənilən şəxs təhsil aldığı təhsil müəssisəsi və ya fəaliyyət göstərdiyi kollektivdə Xocalı soyqırımı həqiqətlərini çatdıra bilər.
Xocalı soyqırımına dair mühüm məlumatların toplandığı geniş resurs mənbəyi olan internet səhifəsi ictimaiyyətə Beynəlxalq Kampaniyanın fəaliyyətində yaxından iştirak etmək imkanı yaradan interaktiv platformadır. Saytda Kampaniyada iştirakın müxtəlif üsulları barədə geniş məlumat verilir.
“Xocalıya Ədalət” Beynəlxalq Kampaniyası hər kəsi internet səhifəsində təklif olunan üsul və vasitələrindən, həmçinin Kampaniyanın digər onlayn resurslarından (www.facebook.com/JFKCampaign, instagram/justiceforkhojaly) istifadə etməklə Xocalı soyqırımı barədə maarifləndirmə işinə töhfə verməyə çağırır!
“Xocalıya Ədalət” Beynəlxalq Kampaniyası www.justiceforkhojaly.org səhifəsinə öz internet səhifələrində keçid (banner) yerləşdirmək niyyətində olan təşkilatlar/qurumlardan Kampaniya ilə ([email protected], 4976316) əlaqə saxlamalarını xahiş edir.