Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Rusiyanın Nijnı Novqorod şəhərində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə təsis edilmiş “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının bu il Rusiya ərazisində keçirilməsinə ilk olaraq Nijni Novqorodda start verilib.
Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) və Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Nijni Novqorod vilayəti üzrə regional bölmələrinin təşkilatçılığı ilə keçirilən anım tədbiri soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
RAGB-nin Nijni Novqorod nümayəndəliyinin rəhbəri Roman Ağayev çıxışında tədbir iştirakçılarına Xocalı soyqırımının mahiyyəti barədə məlumat verib, erməni təcavüzkarlarının dinc sakinlərə qarşı törətdiyi vəhşiliklərdən bəhs edib. Diaspor rəhbəri qeyd edib ki, “Xocalıya ədalət” beynəlxalq kampaniyasının məqsədi qisas deyil, ədalətin təntənəsinə nail olmaqdır: “Ümid edirəm ki, Leyla Əliyevanın rəhbərliyi və birbaşa iştirakı ilə yüksək səviyyədə keçirilən, dünyanın bir çox ölkələrində aparılan kampaniya Rusiyada da Xocalı faciəsinin məhz soyqırımı kimi tanınmasına gətirib çıxaracaq”.
“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində hazırlanmış fotoslayd tədbir iştirakçılarının xüsusi marağına səbəb olub.
Daha sonra RAGB nəzarət-təftiş komissiyasının üzvü Ruslan Eyvazov “Xocalıya ədalət” beynəlxalq kampaniyasının təqdimatını keçirib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və mərhələlərindən söz açıb. O, Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması və dünya ictimaiyyətinin bu barədə geniş məlumatlandırılması baxımından bu kampaniyanın uğurlu nəticələrini qeyd edib.
Tədbirdə çıxış edənlər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən kampaniyanın həm Qarabağ həqiqətlərinin, həm də Azərbaycan reallıqlarının təbliği işində rolunu qeyd ediblər. Kampaniyanın uğurla davam etdirilməsi üçün azərbaycanlıların daha da sıx birləşib hər bir sahədə fəal olmasının zəruriliyi vurğulanıb.
Tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı nümayiş etdirilən ədəbiyyat və Heydər Əliyev Fondunun multimedia məhsulları da qonaqların marağına səbəb olub.
Sonda Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Xocalı soyqırımı” sənədli filmi nümayiş etdirilib.