Fevralın 29-da “Radisson Royal Moskva” mehmanxanasının konfrans zalında Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Foyedə Azərbaycan və Rusiya məktəblilərinin, habelə RF-nin Əməkdar Rəssamı Əsgər Məmmədovun yetirmələrinin Xocalı faciəsinə həsr olunmuş rəsmləri nümayiş etdirilib.
Salona toplaşanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Leyla Əliyeva tədbirdə çıxış edərək bildirib ki, Xocalı faciəsi Dağlıq Qarabağ münaqişəsinin ən qanlı və amansız səhifəsidir: “Bu münaqişə artıq 30 ilə yaxındır ki, davam edir. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkün var. Zəbt olunmuş torpaqlarda memarlıq inciləri, tarixi abidələr məhv edilib, bu diyarda Azərbaycan mədəniyyəti ilə bağlı bütün əlamətlər silinib”.
Leyla Əliyeva həmin dəhşətli gecədən söz açaraq deyib: “Erməni silahlıları 1992-ci il fevralın 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərini işğal edərək, 613 dinc sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 qocanı amansızlıqla qətlə yetiriblər. Gələcək həkimlərin, mühəndislərin, müəllimlərin, Azərbaycanı daha yaxşı, işıqlı və maraqlı edə biləcək insanların həyatı yarımçıq qaldı. Beynəlxalq ictimaiyyət bu faciəyə ədalətli qiymət verməli, günahkarlar isə cəzalandırılmalıdır”.
Bildirilib ki, 2008-ci ildə “Xocalıya ədalət” beynəlxalq kampaniyası start götürüb. Onun məqsədi dünya ictimaiyyətini bu faciə barədə məlumatlandırmaq və belə bir qətliamın heç vaxt və heç yerdə təkrarlanmamasına nail olmaqdır. Kampaniya çərçivəsində artıq 700 mindən çox imza toplanıb. “Xocalıya ədalət” kampaniyasını dünyanın onlarca ölkəsi dəstəkləyir. Kanada, Meksika, Peru, Pakistan, Serbiya, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Sudan, Panama və Honduras parlamentləri, ABŞ-ın 20-dən çox ştatının qanunverici orqanları, habelə İslam Əməkdaşlıq Təşkilatı Xocalıda soyqırımı faktını tanıyırlar. Biz ən yüksək beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə və Haaqa Beynəlxalq Məhkəməsinə petisiyalar təşkil edirik. Bizim səsimiz dünyanın ən mühüm konfrans və forumlarında eşidilir. Bosniyanın paytaxtı Sarayevoda Srebrenitsa və Xocalı soyqırımları qurbanlarının xatirəsinə abidə ucaldılıb. Faciə haqqında hər cür informasiyanın yer aldığı “Xocalıya ədalət” saytı açılıb. Biz bu dəhşətli faciə barədə filmlər çəkir, kitablar çap edirik. Artıq uzun illərdir ki, dünyanın bir çox ölkələrində Xocalıya həsr olunmuş konfrans, sərgi və seminarlar keçirilir. Fəallarımız sayəsində bizim kampaniyanı 115 təşkilat və 120 mindən çox adam dəstəkləyir.
Qeyd edilib ki, Azərbaycan həmişə tolerant və multikultural ölkə olub. Müxtəlif millətlərdən və dinlərdən olan insanlar burada sülh və həmrəylik şəraitində yaşayıb və yaşayırlar. “Bütün dəhşətlərə baxmayaraq, xalqımızın ruhu sarsılmadı. Xocalı qurbanlarının xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Biz Azərbaycan rəssamlarının və uşaqların rəsm əsərlərindən ibarət sərgi hazırladıq. Siz bu faciəni incəsənət adamlarının gözü ilə görüb duya bilərsiniz. Ola bilsin ki, bu əsərlərdə hədsiz qəm və kədər var. Amma biz səmimi qəlbdən inanırıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz ədalətli həllini tapacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, bütün qaçqınlar və məcburi köçkünlər öz evlərinə, doğma yurd-yuvalarına qayıdacaqlar”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, dünyanın harasında yaşayırlarsa yaşasınlar, azərbaycanlıların indiki nəsilləri üçün “Xocalı” sözü ümumi ağrı-acıya çevrilib: “Bu gün burada gənclərin sayı çoxdur. Mən buna ürəkdən sevinirəm. Çünki gənclərimiz vətənpərvərlik ruhunda böyüyür və möhtərəm prezidentimizin gənclərin qarşısına qoyduğu məqsəd və vəzifələri başa düşürlər. “Xocalı” sözü həddi-hüdudu olmayan ədalətsizliyin və vəhşiliyin timsalıdır. Azərbaycan xalqı məhz bu söz vasitəsilə müasir hüquqda bəşəriyyət əleyhinə cinayət kimi müəyyən edilən amansızlıqların ən qorxunc təzahürlərini yaşayır”.
Səfirin fikrincə, həyatın özü belə bir əbədiyaşar həqiqəti təsdiq edir: cəzasız qalan cinayətlər yeni və daha ağır cinayətlər doğurur. Diplomat deyib: “Buna görə vurğulamaq istəyirəm ki, Xocalı faciəsinin ağrı-acısını hiss etmək, onu qeyd-şərtsiz pisləmək təkcə bizim xalqın qayğısı deyil, həm də bütün xoşməramlı insanların əxlaqi-hüquqi seçimi olmalıdır. Bu baxımdan mən “Xocalıya ədalət” kampaniyası çərçivəsində böyük işlər görən Leyla xanım Əliyevaya “Çox sağ olun” demək istəyirəm. Bu zərif və gözəl xanım bütün fəaliyyətini bu məsələyə həsr edib və özünün qısa çıxışında bu yolda əldə edilən bir sıra nailiyyətləri sadalayıb. Artıq dünya üzünü bu faciəyə doğru çevirir və anlamağa başlayır ki, gələcəkdə belə bir qırğının dünyanın heç bir ölkəsində təkrarlanmaması üçün onu pisləmək lazımdır”.
Rusiya Yazıçılar İttifaqının üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, kulturologiya doktoru, professor Yuri Pompeyev bildirib ki, 24 il bir nəslin yaşıdır. O, “Xocalıya ədalət” kampaniyasından danışaraq vurğulayıb ki, “ədalət” açar sözüdür: “Amma ədalətə nail olmaq və bu sözün miqyasını əhatə etmək də çox çətindir. Mənim bu kampaniyaya aidiyyətim var. Mən həmişə ona hay verirəm. Cənubi Qafqazdakı hadisələrə bu şəkildə cəlb olunmağım sayəsində son illər bütün maraq və gücümü həmin ağrıya sərf edirəm ki, əhali ən azı 24 il əvvəl o vaxtkı Qarabağın bu kiçik şəhərində baş verənlərdən xəbərdar olsun”.
Sərgidəki əsərlərin çoxunda tankların təsvir olunduğunu bildirən Y. Pompeyev deyib: “Tanklar 366-cı alay deməkdir. Düzdür, bu tanklar nə yaşıl, nə də qırmızı rəngdə olub. Onları ağ rəngə boyamışdılar ki, sovet ordusuna məxsus olduğunu gizlətsinlər. Ancaq o vaxt bu alay millətçi nasist qüvvələrin sərəncamında idi. Çünki Serj Sarkisyan o dövrdə Ermənistan ordusunun rəhbərlərindən biri idi. Bu, rüsvayçılıqdır. Bu fakt mütləq Rusiya Federasiyasının indiki vətəndaşlarının diqqətinə çatdırılmalıdır və mən də bunu etməyə çalışıram”.
Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev deyib ki, hər bir insanın din, siyasət, mənəvi azadlıq hüququ var. Hər kəsin həm də xatırlamaq kimi alınmaz hüququ var. Xocalı faciəsinə bənzər faciələrin unudulması yeni-yeni fəlakətlərə yol aça bilər. Deputat deyib: “Vətəndaşlar yalnız dövlətləri güclü olan təqdirdə özlərini təhlükəsizlikdə hiss edə bilərlər. Müstəqil Azərbaycan Xocalı faciəsindən keçən onilliklər ərzində daha möhkəm, daha qüdrətli olub, dünya arenasında müstəqil oyunçuya və Cənubi Qafqazda sülhün qarantına çevrilib. Bu gün azərbaycanlılar əmin ola bilərlər: onların ölkəsi onları müdafiə edəcək!”
Xocalı faciəsinin şahidləri - hər iki valideynini itirmiş Həmayil Xəlilova və Murad Hüseynov tədbir iştirakçıları arasında olublar. Onlar Leyla Əliyevanın təşəbbüsü ilə Moskvaya gəliblər.
Tədbirdə Rusiya ictimaiyyətinin, Moskvada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, siyasətçilər, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Ümumrusiya Azərbaycanlılar Konqresinin, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin təmsilçiləri iştirak ediblər.