BMT Sivilizasiyalar Alyansının Bakı Forumu çərçivəsində Gənclər Forumu keçirilib

Video

BMT Sivilizasiyalar Alyansının Bakı Forumu çərçivəsində Gənclər Forumu keçirilib

BMT Sivilizasiyalar Alyansının Bakı Forumu çərçivəsində Gənclər Forumu keçirilib
25/04/2016

Aprelin 25-də “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” şüarı altında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Bakı Konqres Mərkəzində Gənclər Forumu keçirilib.

Forumun açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva iştirak edib.

Bakı dünyanın ən nüfuzlu qurumlarından sayılan BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) VII Qlobal Forumuna ev sahibliyi edir. Tədbir çərçivəsində Gənclər Forumunun keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Bu Forum mədəniyyətlərarası dialoq, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, gənclərin təşəbbüslərinin dəstəklənməsi, yeni mənbələrin müəyyənləşdirilməsi və digər məsələlərin müzakirəsi baxımından mühüm imkandır.

Gənclər Forumunda beynəlxalq təşkilatların nümayəndələri, gənc liderlər, xarici və yerli gənclər təşkilatlarının rəhbərləri və təmsilçiləri iştirak ediblər.

Tədbirdə əvvəlcə “Gənc olmayan tədbir” (Not a youth event) mövzusunda təqdimat olub. Təqdimatda qeyd edilib ki, bu Forumda qarşıda duran məqsədlərə nail olunması, gənclərin beynəlxalq əməkdaşlığının güclənməsi, yaşadığımız planeti daha yaxşı məkana çevirmək imkanları və s. məsələlər müzakirə ediləcək. Bildirilib ki, Forumda BMT-yə müraciət edən gənclər arasından iki aylıq seçim prosesindən sonra müəyyənləşdirilən 100 nəfər iştirak edir. 

Sonra Gənclər Forumunun açılışı olub.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov açılış nitqləri söyləyiblər.

Leyla Əliyeva Forumda çıxış edərək dünyanın müxtəlif ölkələrindən olan gəncləri ölkəmizdə salamlayıb, Bakı Forumunun qarşılıqlı anlaşmanın və əməkdaşlığın beynəlxalq miqyasda təşviqində mühüm rol oynayacağına əminliyini bildirib:

- Əminəm ki, Bakı Forumu bizim bütün dünyada anlaşma və əməkdaşlığın təbliği ilə bağlı birgə səylərimizə öz töhfəsini verəcək. Azərbaycan Şərq ilə Qərbin kəsişməsində, Şərq müdrikliyi ilə Qərb tərəqqisinin qarşılaşdığı məkanda yerləşən qədim ənənələr və zəngin tarixə malik diyardır. Qədim zamanlarda Azərbaycan tarixi İpək Yolunun üzərində əsas mərkəz olub. Bu, Azərbaycanı tolerantlıq, yeni ideyalar və dialoqa inanan ölkəyə çevirərək mədəniyyətimizə inanılmaz dərəcədə təsir edib.

Azərbaycanın bu unikal coğrafi mövqeyi onun landşaftına da öz təsirini göstərib. Ölkəmiz ecazkar başı qarlı dağlar, sıldırım qayalar, sıx meşələr, çəmənliklər, düzənliklər diyarıdır. On bir iqlim qurşağından doqquzu Azərbaycanda var. Bu, bizə çox zəngin təbii mühit və biomüxtəliflik verir. Bəxtimiz gətirib ki, biz inanılmaz tarixə, müxtəlif mədəniyyət və zəngin biomüxtəlifliyə malikik. Mən əminəm ki, bizim ölkəmizdə olmaqdan zövq alacaqsınız.

İcazə verin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri qismində bəzi fikirlərimi bildirim. Mən bilirəm ki, statistik məlumatlar dəhşətlidir. Bu gün aclıq və aclıqla əlaqədar səbəblərdən hər dörd saniyədə bir nəfər dünyasını dəyişir. Daha kədərlisi odur ki, çox tez-tez uşaqlar dünyasını dəyişir. Bütün dünyada yoxsulluğa son qoyulması 2030-cu il gündəliyinin prioritetlərinə daxildir. Aclığı sıfra endirmək təşəbbüsü ilə çıxış edən FAO bu işdə vacib rol oynayır. Buna baxmayaraq, heç bir uşağın aclıq və ya yetərincə qidalanmamadan ölmədiyi bir dünyanı təmin etmək üçün biz hamımız birlikdə işləməliyik və çox çalışmalıyıq. Ərzaq bizim mədəni kimliyimizin və köklərimizin ayrılmaz hissəsidir. O, sivilizasiyalar arasında anlaşma və hörmətin təbliğinə yol açır. Ərzaq mədəniyyətlərarası anlaşma və tolerantlığın yaradılmasında güclü alət kimi çıxış edə bilər.

2011-ci ildə IDEA - ətraf mühitin qorunması naminə beynəlxalq kampaniyaya başlandığını vurğulayan Leyla Əliyeva bildirib ki, bizim əsas məqsədimiz enerji və biliklərimizi güclü alətə çevirərək ətraf mühit məsələsini həll etməyə çalışmaqdır. Biz gələcək nəsillər üçün yaşıl, təhlükəsiz və təminatlı cəmiyyət yaratmağa çalışırıq. Bizim şüarımız “bir söz, bir gələcək”dir. Planetin mühafizəsində gənclər artıq daha mütəşəkkil qaydada, könüllü olaraq kütləvi şəkildə təbiətə sevgi və məhəbbətlərini göstərmək üçün səylə çalışırlar.

Təsisçisi olduğu IDEA kampaniyası çərçivəsində son beş ildə Azərbaycanda görülən işlərdən danışan Leyla Əliyeva bu müddətdə beş milyondan çox ağac əkildiyini bildirib. Bu yaxınlarda yerli icmalarla birgə fəaliyyətə başlandığı, ağacların kəsilməsinin qarşısının alınması üçün məlumatlandırma fəaliyyətinin, digər tədbirlərin görüldüyü, müxtəlif sənət sahələrindən tanınmış şəxslərin bu prosesə cəlb edildiyi, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulduğu diqqətə çatdırılıb.

Son illər IDEA-nın nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvanların qorunması istiqamətində də mühüm tədbirlər həyata keçirdiyi qeyd edilib. Leyla Əliyeva bu sahədə Xəzər tayqası layihəsinin də həyata keçiriləcəyinə ümidvar olduğunu vurğulayıb:

- Əziz dostlar.

Bu gün bəşəriyyət sağ qalmaq sınağı ilə üzləşib. Hazırda bizim itkilər illərlə deyil, dəqiqələrlə ölçülür. Biz burada danışarkən hər 15 dəqiqədə bir fil brakonyerlərin ucbatından ölür və hər saatda 11 minə yaxın köpək balığı insanlar tərəfindən öldürülür. Yavaş-yavaş biz elə vaxta yaxınlaşırıq ki, bütün növlərin nəsli kəsiləcək. İndi bizim hərəkətə keçmək vaxtımızdır. Vaxt gözləmir. Mən bir daha sizə burada olduğunuza, iştirak etdiyinizə görə təşəkkürümü bildirmək istərdim. Mən bilirəm ki, bizim hər birimiz ətraf mühitin qorunmasına, təkcə gələcəyimiz deyil, bu günümüz üçün müsbət təsir göstərə bilərik.

Mən bilirəm ki, bu tədbirlər çox mühümdür, bizim bir-birimizlə görüşüb, ideyaları paylaşmağımız, söhbət etməyimiz vacibdir. Lakin ən mühümü bu an nəyin baş verdiyidir. Beləliklə, düşünürəm ki, hərəkətə keçmək vaxtıdır. Sizin hamınıza ölkəmizdə yaxşı vaxt keçirməyi, sevgi, cansağlığı və xoşbəxtlik, hər şeyin mümkün olduğuna, gələcəyin yalnız daha yaşıl, daha parlaq və daha yaxşı olacağına inam arzulayıram. Təşəkkür edirəm.

Açılış nitqlərindən sonra tədbirdə iştirak edən gənclər xatirə şəkilləri çəkdiriblər.

Gənclər Forumu işini əməkdaşlıq toplantıları və biznes simpoziumla davam etdirib.