Aprelin 26-da Bakıda BMT-nin Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” mövzusunda VII Qlobal Forumunun rəsmi açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, xarici işlər nazirləri, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla, dünyanın 140 ölkəsindən qonaqlar qatılıb.
Dövlət və hökumət başçıları, Forumun digər yüksək səviyyəli iştirakçıları birgə foto çəkdiriblər.
Dövlətimizin başçısı Forumun açılışında nitq söyləyib.
Sonra BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir çıxış edib.
BMT-nin baş katibi Ban Ki-munun videomüraciəti nümayiş etdiriləndən sonra İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia-Marqallo və Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə çıxış ediblər.