Aprelin 29-da “Gülüstan” sarayında “ADA” Universitetinin məzun buraxılışı və “Vətəndaşlıq və sosial məsuliyyət: qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.
“ADA” Universitetinin məzun buraxılışı daha bir vacib ənənə ilə üst-üstə düşüb - “Vətəndaşlıq və sosial məsuliyyət: qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib. Bu gün həm də “ADA” Universiteti milli təhsilimizdə göstərdiyi xidmətin 10 illik yubileyini qeyd edib.
Tədbir Azərbaycan Dövlət bayrağının salona gətirilməsi ilə başlanıb. Sonra Azərbaycan Respublikasının Dövlət himni səslənib.
Bu il bakalavr üzrə ilk buraxılış olub. “Beynəlxalq təhsil sənəti” bakalavrı üzrə 20, “Biznes idarəçiliyi” bakalavrı üzrə 38 məzun buraxılır. Həmçinin 2 ixtisas üzrə 29 magistr olub. Onlar Azərbaycan, Əfqanıstan, Yaponiya, Keniya, Monteneqro, Qırğızıstan, Rusiya, Serbiya, Suriya, Zambiya ölkələrindəndir.
Məzunlara diplomlar təqdim edilib.
Rektor Hafiz Paşayev məzunları təbrik edib.
“ADA” Universitetinin builki məzun buraxılışı Fikrət Əmirovun “1001 gecə” baletindən fraqmentin səsləndirilməsi ilə müşayiət olunub.
Sonra Mehriban Əliyeva mərasimdə çıxış edib. Məzunları, valideynləri, müəllimləri, tələbələri və mərasim iştirakçılarını salamlayan Mehriban Əliyeva dedi:
- On yaşı yenicə tamam olmuş “ADA” Universitetinin ilk bakalavr sinfi məzun olur. Belə bir əlamətdar gündə sizinlə bir yerdə olmağa çox şadam və məzunların hər birini səmimi qəlbdən salamlayıram.
Sizin həyatınızda yeni mərhələ başlayır. Sizə gələcək seçiminizdə, axtarışlarınızda uğurlar və nailiyyətlər arzulayıram. Şübhəsiz ki, bu gün aldığınız diplom çətin dərslərin, yuxusuz gecələrin, ağır imtahanların, illər boyu göstərdiyiniz səy və zəhmətin nəticəsidir. Bu barədə bu gün çıxış edən tələbələr də dedilər. Amma mən əminəm ki, tələbəlik illəri sizin qəlbinizdə çətinliklərlə yox, burada yaşadığınız xoş anlarla, əldə etdiyiniz nailiyyətlərlə, dostluq, həmrəylik, sağlam rəqabət və birlik hissləri ilə qalacaq. Qarşınızda uzun yol var və mən bu yolda sizə həm seçdiyiniz fəaliyyətinizdə, həm də şəxsi həyatınızda xoşbəxtlik və uğurlar arzulayıram. Bu gün sizin sevincinizi ailə üzvləriniz, valideynləriniz bölüşür. Təbii ki, hər bir valideynin arzusu övladını savadlı, bilikli, bacarıqlı, dəyərli vətəndaş kimi görməkdir. Mən də bir valideyn kimi, bu hissləri çox yaxşı anlayıram. Bu gün, əziz valideynlər, sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram.
Hörmətli qonaqlar, “ADA” Universiteti ölkəmizdə fəaliyyət göstərən çoxsaylı ali təhsil məktəbləri arasında gənc olmasına baxmayaraq, qısa bir zamanda böyük nüfuz və hörmət qazanmış universitetdir. Bu gün “ADA” Universitetində tələbələrə verilən təhsilin səviyyəsi ən yüksək beynəlxalq standartlara uyğundur. Burada təhsil alan hər bir gəncin qarşısında ciddi tələblər, məsuliyyət durur. Eyni zamanda, universitetdə çox sərbəst və demokratik bir mühit yaradılıb. Müəllimlərlə tələbələr arasında sıx ünsiyyət var. Yeni ideyalar, axtarışlar dəstəklənir və alqışlanır.
“ADA” Universitetində təkcə azərbaycanlı gənclər və müəllimlər təhsil alıb, işləmir. Burada bizim gənclərimiz müxtəlif xalqların və müxtəlif mədəniyyətlərin nümayəndələri ilə birgə təhsil alırlar. Universitetdə 40-dan çox ölkəni təmsil edən tələbələr təhsil alır, professor, müəllim heyəti fəaliyyət göstərir. Siz, eyni zamanda, dünyanın aparıcı universitetlərində, ali məktəblərində təhsil alan və çalışan istedadlı Azərbaycan alimlərinin, gənclərinin ölkəmizə qayıtmasına nail olmusunuz. Bu universitetdə mövcud olan ab-hava Azərbaycanda əsrlər boyu qorunub saxlanılmış, dəstəklənmiş tolerantlıq, dostluq, qarşılıqlı hörmət, dözümlülük ənənələrinin davamıdır. Təbii ki, belə bir ab-havada təhsil alan gənclər dünyanın mədəni müxtəlifliyinə hörmətlə yanaşacaq və öz gələcək fəaliyyətində həm insanlararası, həm xalqlararası münasibətləri məhz qarşılıqlı hörmət əsasında quracaqlar.
Əziz dostlar, təhsil ocağınıza ilk gəlişimi çox yaxşı xatırlayıram. 2012-ci ildə dövlətimizin başçısı ilə bərabər biz universitetin yeni tədris kompleksinin açılışı mərasimində iştirak etmişdik. Mən çox şadam ki, Azərbaycan Diplomatik Akademiyası qısa bir zamanda sürətlə inkişaf edib. Burada bir sıra yeni fakültələr fəaliyyət göstərib. Biznesin idarə edilməsi, beynəlxalq münasibətlər, təhsilin idarə edilməsi, mühəndislik, informasiya texnologiyaları və nəhayət Akademiya “ADA” Universitetinə çevrilib.
Bu gün mən universitetin formalaşmasında, onun belə müasir, ən yüksək standartlara cavab verən təhsil ocağına çevrilməsində əməyi olan hər bir insana - burada çalışan müəllimlərə, alimlərə, professorlara, dosentlərə dərin minnətdarlığımı bildirirəm. Müəllimlik şərəf və ləyaqət sahibi olmaq, nəciblik və saflıq deməkdir. Bizim bütün nailiyyətlərimizdə müəllimlərimizin çox böyük payı vardır. Siz bizim ölkəmizin mənəvi və intellektual potensialısınız. Gənc nəslin mənəvi baxımdan sağlam böyüməsində, savadlı, bilikli, bacarıqlı vətəndaş kimi yetişməsində siz əsas rol oynayırsınız. Bir daha sizə ən xoş arzularımı çatdırmaq istəyirəm.
“ADA” Universitetinin rektoru, professor Hafiz Paşayevə dərin minnətdarlığımı və sonsuz hörmətimi çatdırmaq istəyirəm. Hafiz Paşayev ömrünün hər bir mərhələsində, çalışdığı hər bir vəzifədə Azərbaycanın maraqlarını hər şeydən üstün tutub. Onun istər siyasi, istər elmi, istər ictimai fəaliyyəti bir məqsədə - Azərbaycanın güclənməsinə, inkişafına xidmət edib. “ADA” Universitetinin yaradılmasında və bugünkü nailiyyətlərində onun rolu əvəzsizdir.
Əziz Hafiz müəllim, mən öz adımdan, universitetin bütün professor-müəllim heyəti və tələbələri adından sizi səmimi qəlbdən təbrik edir, sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram.
Əziz dostlar, hər bir millətin gücü onun təbii sərvətlərindən yox, ilk növbədə intellektual potensialından asılıdır. Mənəviyyatı zəngin, intellektual potensialı güclü olan millət, demək olar ki, artıq qalib millətdir. Müasir dünyaya nəzər salsaq görərik ki, o ölkələrdəki elmə, təhsilə, texnologiyalara diqqət var, bu sahələrdə inkişaf var, o dövlətlər, sözün əsl mənasında, inkişaf etmiş dövlətlərdir. Məhz buna görə də Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra bu sahəyə diqqət, təhsilin, elmin inkişafı dövlətimizin siyasətində prioritet istiqamətlərdən biri olub. Siz bilirsiniz ki, bu sahədə bir çox addımlar atılıb, islahatlar aparılır, dövlət proqramları həyata keçirilir. “ADA” Universitetinin fəaliyyəti də həmin bu islahatların nəticəsidir.
Təhsil sisteminə yatırılan sərmayələr ən səmərəli və özünü doğruldan investisiyalardır. Məhz buna görə Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən, ölkəmiz üçün strateji əhəmiyyət daşıyan layihələrin arasında təhsil sahəsinə aid olan layihələr də mövcuddur. Bildiyiniz kimi, Fondda toplanan vəsaitlər Azərbaycan və bütövlükdə bölgə üçün çox önəmli əhəmiyyət daşıyan enerji, nəqliyyat, infrastruktur layihələrinə xərclənir. O cümlədən Fondun maliyyə dəstəyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlər üçün müasir yaşayış kompleksləri tikilir. Eyni zamanda, Dövlət Neft Fondu “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı maliyyələşdirir. Minlərlə istedadlı azərbaycanlı tələbə dünyanın ən aparıcı universitetlərində təhsil alıb və yüksək peşəkarlığa sahib olub. Onlar gələcəkdə Azərbaycana, Azərbaycanın inkişafına xidmət edəcəklər.
Müstəqil Azərbaycanın son illərdə qazandığı nailiyyətlər bütün dünyaya məlumdur. Biz çox açıq ölkəyik və bu illər ərzində - tarix baxımından heç də uzun müddət olmayan zaman kəsiyində qazanılmış nailiyyətlərimizlə fəxr edə bilərik. Davamlı iqtisadi artımın, - bilirsiniz ki, son on il ərzində Azərbaycan iqtisadi artım göstəricilərinə görə dünyada bir nömrəli ölkədir, - uğurlu sosial siyasətin, regionların inkişafı proqramlarının və digər sahələrdə aparılan islahatların nəticələrini biz bu gün görürük, yaşayırıq.
Ölkəmizin beynəlxalq nüfuzu ildən-ilə artmaqdadır. Bilirsiniz ki, artıq bizim paytaxtımız dünya üçün əhəmiyyət daşıyan bir çox mühüm forumlara, görüşlərə ev sahibliyi edir. Azərbaycan bu mövzuda öz sözünü deyir. Azərbaycan bu gün beynəlxalq aləmdə öz sözünü deyən və öz maraqlarını qoruyan bir ölkə kimi tanınır. Ölkəmizin beynəlxalq nüfuzunu təsdiqləyən fakt kimi Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini və Şuraya sədrlik etməsini göstərmək olar.
Biz sülhsevər, qonaqpərvər və mərhəmətli bir xalqıq. Biz mədəniyyətimizə, tariximizə, ənənələrimizə çox böyük hörmətlə yanaşırıq. Biz öz ənənələrimizi, mədəniyyətimizi, dilimizi bütün çətinliklərə baxmayaraq qoruyub saxlamışıq. Eyni zamanda, biz dünyanın mədəni müxtəlifliyinə çox böyük hörmətlə yanaşırıq. Bilirsiniz ki, əsrlər boyu Azərbaycanda müxtəlif dinlərin və etnik qrupların nümayəndələri bir ailə kimi sülh, dostluq və hörmət şəraitində yaşayıblar. Bu gün də biz çoxmillətli, çoxkonfessiyalı ölkəyik və bu, bizim ən böyük sərvətlərimizdən biridir.
Bizim heç bir başqa dövlətin torpağında, yaxud mədəni irsində gözümüz yoxdur. Biz yalnız öz torpağımızı, öz müstəqilliyimizi qorumaq istəyirik. Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün hər birimiz oxuduğumuz, işlədiyimiz yerdə tam gücümüzlə çalışmalıyıq.
Bildiyiniz kimi, aprelin əvvəllərində bizim mərd övladlarımız Vətən yolunda şəhid olublar. Onların qəhrəmanlığı hesabına əldə edilən uğurlar hər bir azərbaycanlının ürəyini qürur hissi ilə doldurdu. Bütün millət ruh yüksəkliyini hiss etdi. Şəhid olan bütün övladlarımız Azərbaycan xalqının qəlbində və Azərbaycanın tarixində daim yaşayacaq. Onların ailəsinə yardım etmək Azərbaycan dövlətinin ən başlıca vəzifəsidir və bu sahədə dövlət tərəfindən bütün lazımi tədbirlər görülür. Amma bizim hər birimiz, bütün cəmiyyətimiz bu insanların ailələrinə, analarına, atalarına, bacılarına, qardaşlarına dəstək olub yardım etməliyik.
Biz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canlarını qurban verən qəhrəmanlarımızın əziz xatirəsi qarşısında baş əyirik. Onlar heç zaman unudulmayacaq. Bu baxımdan bu gün “ADA” Universitetinin təsis etdiyi “Vətən Uğrunda” təqaüd proqramı çox önəmli bir təşəbbüsdür və alicənab addımdır. İnanıram ki, sizin bu təşəbbüsünüz cəmiyyətimizdə geniş dəstək qazanacaq.
Əziz gənclər, sonda mən bir daha sizi səmimi qəlbdən təbrik edirəm. Sizi ölkənizlə fəxr etməyə, vətəndaşlığınızla qürur duymağa çağırıram. Azərbaycanın gələcəyi sizin əlinizdədir. Vətən uğrunda mübarizəmiz davam edir. Haqq və ədalət bizim tərəfdədir, qələbə də bizim olacaq. Yaşasın Azərbaycan! Çox sağ olun.
XXX
Universitetin birinci prorektoru Qalib Məmmədov, rektoru Hafiz Paşayev və akademik Roald Saqdeyev tədbirdə çıxış ediblər.
Qeyd edək ki, təhsil ocağı təqaüd fondu təsis edib. İki həftə ərzində bu fonda 1 milyon manatdan çox vəsait toplanıb. İlin sonunadək həmin vəsaitin 3 milyon manata çatacağı gözlənilir. Bu vəsaitin hesabına Vətən uğrunda şəhid olanların övladları təhsil alacaq.